Artıq bir aya yaxındır Rusiya ilə Ukrayna arasında müharibə gedir.
Bir neçə gün əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın hücumunun ilk günü ilə bağlı bir açıqlama verib. O, müharibənin ilk günlərində Qərbin Ukraynanın 48 saatdan çox davam edə biləcəyinə inanmadığını və ona görə də köməkdən imtina etdiyini bildirib: “Müharibənin ilk günü fevralın 24-də Avropanın çox nüfuzlu ölkəsindəki səfirimiz həmin ölkənin dövlət katibinin kabinetində oturub dedi ki, “Bizə kömək edin, müharibə başlayıb”. Onlar isə bizim səfirin üzünə gülümsəyərək belə cavab verdilər: “Əzizim, düzünü desək, maksimum 48 saat ərzində hər şey bitəcək və yeni reallıq gələcəksə, niyə sizə kömək edək?”.
Müharibədən əvvəl Ukraynaya silahlar verilsə də bunlar yalnız müdafiə xarakterli idi. Öldürücü silahların verilməsindən imtina edilirdi. Lakin müharibənin uzandığını görən qərb dövlətləri Ukraynaya yardımlarını artırmağa başladılar. Artıq bir çox dövlətlər tərəfindən göndərilən silah-sursatların sayı və çeşidi xeyli artdı.
Eyni zamanda, Rusiyanın iqtisadiyyatını çökdürmək üçün hələ tarixdə görünməmiş miqyasda sanksiyalar tətbiq olundu və bu proses davam edir.
Bununla bağlı danışan hərbi analitik, “M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev qeyd edib ki, əslində bunlar müharibənin ilk günlərindən planlaşdırılmış məsələlər idi:
“Sadəcə olaraq Rusiyanı bir şəkildə tələyə çəkmək lazım idi. Bu da çox uğurlu alındı. Burda uzun illərdən bəri BRİCS ölkələrilə qərb dövlətləri arasında bir mücadilə gedirdi. Bir çox bilinməyən məsələlər var idi. Bu müharibə dünyanın bir çox münaqişə bölgələrində, o cümlədən iqtisadi sahədə özünü büruzə verir”.
Hərbi analitik bildirib ki, Ukraynada müharibənin baş tutması ilə bir növ bu ölkə istifadə edilən tərəf oldu:
“Ölkə coğrafi olaraq geniş ərazidə yerləşir. Həm də NATO dövlətlərinə həmsərhəd olması səbəbi ilə yaranmış vəziyyət onları daha da sıx birləşməyə təşviq edəcəkdir. Bununla yanaşı, BRİCS ölkələri arasında olan mövcud əlaqələrin Rusiya üzərindən göz dağı verilərək zəiflədilməsi Çinin və Hindistanın tərəfsiz davranması ilə özünü göstərməkdədir”.
Ruslan İmamquliyev deyib ki, bu müharibə hər kəsin bitməsini gözlədiyi bir ərəfədə daha uzun illər sürə bilər:
“Sülh müqaviləsi imzalanacaq olsa belə, məsələ dövlətlər arasında gedən münaqişədən olmaqdan çıxıb daha da geniş bölgəyə yayılacaq. Xüsusən də, Ukraynada əli silah tutan bir çox insanın fərdi silahlarla, tank əleyhinə vasitələrlə, o cümlədən alçaq hündürlükdəki hava hücumundan müdafiə vasitələri ilə təchiz edilməsi bu mücadilənin daha uzun illər davam edəcəyi deməkdir. Bu da qərbin tam istədiyi istiqamətdədir. Çünki, Rusiyanın istənilən halda Ukraynada maraqları var. Bu maraqların bir çoxu təmin edilmiş kimi görünsə də mövcud işğal etdikləri ərazilərdə qalmaq üçün bundan sonra Rusiya daha ciddi şəkildə əməliyyatlar icra etməyə məcbur olacaq. Rusiya işğal etdiyi ərazilərdə qalmaq istəsə bu, ona çox baha başa gələcək. Bu da sonrakı dönəmdə həm resursların sərf edilməsinə, o cümlədən iqtisadi sanksiyaların davam etməsinə şərait yaratmış olacaq.// herbiand