Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, xalq artisti Polad Bülbüloğluna məxsus olan “Heyif belə oldu” mahnısının “YouTube” platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olub.
Asayis.Az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb.
Araşdırma nəticəsində məlum olub ki, “Universal Azerbaijan Music” adlı YouTube kanalında “Gəl Ey Səhər” albomu formasında yüklənən fayllardan biri “Heyif belə oldu” kompozisiyasıdır. Bəstəkarın digər əsərləri də burada yerləşdirilib. Bu kanal 2018-ci il 25 oktyabr tarixində “Folklore Azerbaijan Music Academy” adı ilə yaradılıb.
P.Bülbüloğlunun müəllif hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Agentlikdə əlaqəli hüquq sahiblərinin hüquqlarının kollektiv əsasda idarə olunması üzrə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (Beat Music şirkəti üzərindən) ilə birgə “Universal Music Publishing Group” ilə əlaqə saxlanılıb.
Görülmüş tədbirlər məticəsində “Universal Azerbaijan Music” YouTube kanalında qanunsuz yerləşdirilmiş əsərlərin silinməsi təmin edilib.