Müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən təlim-metodiki toplanışda iştirakçıların diqqətinə çatdırıb.
Asayis.Az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplanışla bağlı rəhbər heyətin məruzələrini dinləyərkən Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyini qeyd edib.
Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcək.