Azərbaycan Xalq Cümhuriyyəti elan edilən günə qədər Azərbaycanda özünü müstəqil respublika elan etmiş ərazimiz olub.
Bunu dosent Zaur Əliyev qeyd edib. Həmin ərazinin Xırmandalı Respublikası olduğunu deyən alim bildirib ki, bu türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır:
"Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları qaynaqlarda var".
Z.Əliyevin sözlərinə görə, Xırmandalı Respublikasının Biləsuvar yoxsa Masallı rayonu ərazisində olması mübahisəli məsələdir:
"1974-cü ildə çap edilən "Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə tarixindən" kitabında yazılır ki, bu kənd Masallı rayonu ərazisində yerləşib.
Coğrafi yerləşməsinə görə, Respublika elan etməsi, daha çox Biləsuvar Xırmandalasına uyğun gəlir, çünki mərkəzdən kənarda yerləşən bu kəndin daha çox müstəqilik elan etməsini təsdiq edir.
1917-ci ilin yayında Lənkəran qəzasında Rus imperiyasına qarşı sinfi mübarizəsi, o dərəcədə kəskinləşmişdi ki, burada yaşayan əhali vergi verməkdən imtina edirdilər. Xüsusilə bu ərazidə yaşayan qaçqın ruslar ilk dəfə olaraq imperiya və ona xidmət edən bəylər və yerli məmurlara vergi vermək istəmirlər. Onlar azərbaycanlıları bu mübarizədə yanlarında olmağa çağırış edirlər.
İlk dəfə olaraq da onların səsinə səs verərək Xırmandalı kənd sakinləri heç kimə tabe olmadıqlarını elan edərək kəndlərini “Respublika” elan etmişlər. “Xırmandalı Respublikası” yerli hökumət olaraq 1917-ci ilin yayından 1918-ci ilin yayına qədər mövcud olmuşdur".
Dosent demokratik idarəçilik prinsiplərini tətbiq etməyə çalışan Respublikanın parlamentinin kənd ağsaqqalları olduğunu yazıb:
"Respublikanın taleyi ilə bağlı qərarlar ümumi qərar əsasında qəbul edilirdi. Xarici işlər, daxili işlər, iqtisadi işlərə baxan, kənd təsərrüfatına baxan şəxslər belə təyin edilmişdi. Respublikanın çox heyif ki, arxivdə yox edilən məktubları olub. Türkiyə və İrana göndərilən məktubda Xırmandalı Respublikasının müstəqilliyini tanımasını xahiş ediblər. Çox qəribədir ki, Respublikanın 100 nəfərdən bir az çox əsgəri olan ordusu və rəsmi dili ərəb qrafikli Azərbaycan dili olub.
Azərbaycan Cümhuriyyəti qurulandan sonra bu balaca Respublika yeni hökumətin və dövlətin tərkibində olmaq üçün qərar qəbul etmişdi", - deyə o əlavə edib./olke.az