"Qarabağdakı bütün erməni separatçıları Kremlin təlimatları ilə fəaliyyət göstərirlər"

"Ötən ilin dekabrında Azərbaycan ekofəalları Xankəndi-Laçın yolunda aksiya keçirəndən sonra Qarabağdakı separatçı dəstələrinin vəziyyəti ağırlaşdı. Bu zaman çıxılmaz vəziyyətə düşən separatçılar arasında ciddi şəkildə mübarizə başlandı. Və qarşılıqlı ittihamlar, hakimiyyət uğrunda mübarizə ön plana keçdi. Məhz bu aksiyanın nəticəsi olaraq Moskvadan göndərilən Ruben Vardanyan özünün tutduğu "dövlət naziri" vəzifəsindən kənarlaşdırıldı və Arayik Harutyan öz adamını onun yerinə yenidən gətirdi".

Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Politoloq son dövrlər Qarabağdakı keçmiş "ordu komandanı" Samvel Babayanın da fəallaşdığını bildirib:

"Onun özünün separatçı bölgədə fəaliyyət göstərən "partiyası" da var. Bu baxımdan Samvel Babayan da artıq bölgədə nüfuz və hakimiyyət uğrunda mübarizə aparanların sırasına qoşulub. Açıq şəkildə "rəsmi mövqe tutmaq" arzusunda olduğunu bildirir. Amma həm onun, həm də digərlərinin açıqlamalarına baxdığımızda, onların arasında ciddi fərqlər görmürük. Samvel Babayan Xankəndi-Bakı dialoqunun mümkünlüyünə və lazımlığına vurğu eləsə də, amma onun da guya hədəflərinin digərlərindən fərqlənmədiyini görməkdəyik. 

Bütün hallarda hesab edirəm ki, Qarabağda baş verənlər bir formada ermənilərin özünün ortaya atdığı oyundur.Bununla onlar guya onu göstərmək istəyirlər ki, Qarabağda ciddi fiqurlar var. Bunlar guya hansısa siyasi mübarizə aparırlar, guya hansısa qondarma seçkiləri, yaxud referendum keçirilməsi ilə bağlı məsələləri müzakirə edirlər. Amma bütün bunların fonunda bir fkiri qəti söyləmək mümkündür ki, hazırda Qarabağda olan bütün üzdə olan separatçı fiqurların hamısı bütün formada, bütövlükdə Moskvaya bağlı şəxslərdir. 

Bu, həm ötən əsrin 90-cı illərindən fəaliyyət göstərən şəxslər olsun, həm də ondan sonra ortaya çıxanlar. Hamısı birbaşa Moskvanın diqtəsi ilə hərəkət edənlərdir və Kremlə bağlıdırlar. Kremlin təlimatları əsasında fəaliyyət göstərirlər. Bu baxımdan da Qarabağda gedən mübarizəni orada nüfuz uğrunda savaş kimi dəyərləndirmək lazımdır. 

Əlbəttə ki, Samvel Babayan orada öz nüfuzunu möhkəmləndirsə, digərlərini sıxışdırıb kənara qoyacaq. Bu, birmənalıdır. Amma orada olan şəxslərdən hansı birinin konstruktiv olaraq Azərbaycanla dialoqun tərəfdarı olduğunu hələlik söyləmək çətindir. Çünki Azərbaycan özü də əli qana batmış hansısa terrorçu ilə bir masa arxasında oturmağı düşünmür. Azərbaycan bölgədə orada yaşayan insanları təmsil edəcək, fikir adamları və nüfuzlu şəxslərlə münasibətlər qurmağı hədəfləyir ki, bu da yaxın gələcəkdə yəqin mümkün olacaq. 

Əlbəttə ki, orada  baş verənlər  bizi maraqlandırır. Sadəcə olaraq bu proses davam edəcəyi halda, bölgədə Azərbaycanın hansısa konkret addımlar atacağı da istisna deyil".

Demokrat.az

17:06 - 26 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin