Jurnalistlər Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərdə olub

 Jurnalistlər Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərdə olub

Azərbaycanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına bir qrup media nümayəndələri üçün mediatur təşkil edilib.

Asayis.az xəbər verir ki, səfərin məqsədi Günnüt əməliyyatının 5-ci ildönümünü qeyd etmək və Naxçıvanda Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaqdır.

İştirakçılar ilk olaraq Şərur rayonunda Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərə baş çəkiblər.

Bildirilib ki, Günnüt əməliyyatı hərbi-strateji, siyasi, mənəvi və psixoloji cəhətdən həm bizim üçün, həm də düşmən üçün ciddi nəticələrlə yadda qalıb.

Sonra media nümayəndələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin (XTB) nümayişlərini izləyiblər. XTB mənsubları yüksəklikdən enmə, bıçaq atışları, şərti düşmən daxilinə sızma, şərti düşmənin naməlum obyektlərinə pusqu-basqı əməliyyatlarını nümyaiş etdiriblər.

Daha sonra Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının 5-ci ildönümü münasibətilə "Günnüt - Qarabağa gedən yol" adlı tədbir keçirilib.

 

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Fariz Sərxanov, polkovnik Cəlil Məmmədov və Zəfər ordenli polkovnik Haqverdi Dadaşov çıxışlarında ordumuzun qüdrətindən və Günnüt əməliyyatının əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan strateji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə, döyüş meydanında təcrübə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.

Uğurlu Günnüt əməliyyatının igid hərbi qulluqçularının da iştirak etdiyi tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər vətənpərvərlik ruhunda şeirləri bədii qiraət ediblər.

Daha sonra Naxçıvandakı “N” saylı hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıq olub, onların xidməti-döyüş fəaliyyəti yoxlanılıb.

Jurnalistlərə məlumat verilib ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.



Diqqətə çatdırılıb ki, müharibədən sonrakı dövrdə də Naxçıvanda ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. Mövcud qoşun növlərinin təkmilləşdirilməsi, yeni qoşun növlərinin yaradılması bu prosesin tərkib hissəsidir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariya hazırdır.

Qedy edək ki, 2018-cı il mayın 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində ümumilikdə 11 000 hektarlıq ərazi ermənilərdən təmizlənib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov şəhid olub. Azad edilən ümumilikdə 11 000 hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait var.//Report

11:35 - 20 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin