“ABŞ sülh prosesində maraqlıdır. İndiki mürəkkəb vəziyyətdə növbəti dəfə estafeti başlatmaqla, prosesi irəliləyə aparmaq və qısa müddət çərçivəsində ən azından sülh mətnini razılaşdırmaq, mümkün olarsa yaxın gələcəkdə sülh müqaviləsini imzalatmağa çalışır. Çünki ABŞ anlayır ki, indiki Cənubi Qafqaz mübarizəsi fonunda bu sülh prosesini əngəlləmək istəyən regional güclər var. Rusiya, İran, eyni zamanda sülh müqaviləsini imzalamağı istəməyən Ermənistan rəhbərliyi, ən nəhayət Ermənistanın havadarı olan Fransa kimi dövlətlər var. Bunun fonunda ABŞ tez müddətdə sülh müqaviləsini imzalatmaqla, prosesi bütövlükdə Rusiyanın və digər regional dövlətlərin marağının əleyhinə çevirmək istəyir”.
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Natiq Miri deyib.
Politoloq qeyd edib ki, ancaq burada əngəlləyici amillər var:
“Bu əngəlləyici amillərin başında duran Nikol Paşinyan hökumətidir və bir də bu yöndə onun maraqları ilə üst-üstə düşən digər regional dövlətlər var. Rusiya, İran, Fransa, hətta müəyyən mənada ideoloji baxımdan pas ötürən dövlətlər var. Məhz bu dövlətlərin sahəsində zaman-zaman müxtəlif fonda regionda təxribatlar, sabotajlar müşahidə edilir”.
Analitikin sözlərinə görə, Ermənistan bu sülh prosesini uzatmağa çalışsa da, ABŞ bu məsələdə çox israrlıdır:
“Sadəcə olaraq, sülh prosesi ilə bağlı danışıqları ABŞ-ın paytaxtında təşkil etmək yetərli deyil. Sülh prosesini əngəlləyən amilləri aradan qaldırmağa ehtiyac var. Bunun üçün Ermənistana ciddi təzyiqlər edilməlidir.
Fransa kimi ölkələr isə ABŞ-da başlanan prosesi sıfırlamaq və Fransanın özünün yenidən prosesə müdaxiləsi ilə yeni vasitəçilik missiyasını sıfırdan davam etdirmək, yeni mövzu predmetləri yaratmaq istəyir. Ancaq hesab edirəm ki, Azərbaycan bu güclərə deyil, yalnız özünə inanmalıdır və bu istiqamətdə başlatdığı siyasəti özü davam etdirməlidir. Necə ki, bunu edir”.
Demokrat.az