“Artıq psixologiyam pozulub“

 “Artıq psixologiyam pozulub“

Gənc Tamaşaçılar Teatrının aktrisaları Xalq artisti Naibə Allahverdiyeva və Əməkdar artist Nəsibə Eldarova keçmiş baş rejissorları Mehriban Ələkbərzadədən sosial şəbəkədə şikayətləniblər. Asayis.Az Olay-a istinadla xəbər verir ki, buna Əməkdar incəsənət xadiminin onları daha çox çalışmağa sövq etməsi səbəb olub. Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbəri təyin olunandan sonra məsələ alovlanıb. Bu barədə N.Eldarova feysbuk hesabında yazıb:

“Birinci kursda ustadımız Rza Təhmasibin ilk sözü “teatr kollektiv sənətdir” oldu. Bəli, biz aktyorlar asılı adamlarıq. Bu həyatda teatrdan başqa heç nəyim yoxdur. Bu yaşa qədər ayaqda qalmağıma tək səbəb sənətimdir. Ay Allah, nə olar, bizim “ştrafnoy batalyona” elə birini göndər ki, sinəmizə çəkilən çarpaz dağın üzərindən köz basmasın”.

Naibə Allahverdiyeva isə sözügedən postda həmkarına dəstək verib:

“Artıq psixologiyam pozulub. Nə qədər olar? Nə zaman bu teatrın yaranışından sinəsinə çəkilən dağa məlhəm biri olacaq?! Sadəlövh kollektivi gələn aldadır, gedən aldadır. Nə qədər əşya kimi istifadə olunub, atılacağıq?!”

Qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, teatrın nümayəndələri yeni baş rejissorun Əməkdar artist Nicat Kazımov olmasını istəyirlər. Lakin buna onun rejissor diplomunun olmaması maneə törədir.

13:28 - 15 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin