Sosial Tədqiqatlar Mərkəzi keçirilən ictimai rəy sorğusu çərçivəsində vətəndaşların pul vəsaitlərini harada saxlamağı daha təhlükəsiz hesab etdiklərinə dair fikirlərini öyrənib.
Asayis.az xəbər verir ki, Qurumdan FED.az-a verilən məlumata görə insanların heç də hamısı əldə etdikləri gəliri tam xərcləmirlər. Əksər insanlar qazanclarının bir hissəsinə qənaət etməyə üstünlük verirlər. Nəzəri cəhətdən pula qənaət həm də sərvət yaratmaq, etibarlı maliyyə təminatına sahib olmaq, gələcək xərclərini təmin etmək və həyatın qeyri-müəyyənliklərinə hazırlıqlı olmaq deməkdir. Pula qənaətin bu motivlərindən əlavə, mühüm məqam kimi, onu harada saxlamaq məsələsi də olduqca vacibdir.
Son 10 ildə Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 2 dəfədən çox artmaqla, 2022-ci ildə 11.6 milyard manata bərabər olmuşdur. Onların 90%-ni isə rezidentlər tərəfindən banklara qoyulan əmanətlər təşkil etmişdir. Milli valyuta ilə ifadədə 2016-cı ildən sonra manatla əmanətlər 4 dəfədən çox artdığı halda, xarici valyutada qoyulan əmanətlərin həcmi 1 milyard manat azalmışdır. Tendensiyanın əsas səbəbi milli valyutanın məzənnəsinin zamanla sabitlənməsi və bank sektorunda baş verən fluktuasiyaların qarşısının vaxtında alınması olmuşdur.
Sosial Tədqiqatlar Mərkəzi növbəti blitz sorğu mövzusu kimi vətəndaşların pullarını harada daha etibarlı (təhlükəsiz) saxlaya biləcəklərinə dair rəyi öyrənmişdir. Qeyd etmək istərdik ki, sorğu çərçivəsində söhbət vətəndaşların gündəlik xərc təyinatlı vəsaitlərinin daha təhlükəsiz hesab etdikləri saxlama formasından gedir. Yəni spesifik olaraq yığımların daha etibarlı saxlanılması formaları ilə bağlı mövqe öyrənilməyib.
Keçirilən sorğunun nəticələrində insanların öz pulunu saxlamaq üçün daha çox banklara üstünlük verdiyi aşkar olunub. Belə ki, sorğuda iştirak edənlərin 39.9%-i pulunu evdə saxladığı halda, 56.7%-i banklara etimad göstərir. Sorğu çərçivəsində respondentlərin 1.8%-i digər cavab variantlarını qeyd edib, 1.5%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.
“Sizcə, pul vəsaitini harada qorumaq daha təhlükəsizdir?” sualına kişilərin yarısı (50.3%) “evdə” cavabı verdiyi halda, qadınların seçimi daha çox banklardan yana olub (62.9%).
Sorğu nəticələrini yaş təsnifatı üzrə təhlil etdikdə məlum olur ki, digərləri ilə müqayisədə gənclər daha çox bankları təhlükəsiz hesab ediblər. Belə ki, 18-24 yaşda olanların 65.2%-i öz seçimlərində banklara üstünlük verdiklərini bildirib. Bu məqam həmçinin özünü tələbələr üzrə də daha aydın şəkildə büruzə verib – 88.9%.
Həmçinin təhlillər orta aylıq gəliri 901-1200 manat aralığında olanların (70%) digərləri ilə müqayisədə pul vəsaitini evdə saxlamağa üstünlük verdiyini göstərib.
Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.