Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri mayın 12-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan səkkiz nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, narkotiklə əlaqəli cinayətlərə görə üç nəfər, küçə ticarəti ilə məşğul olduqlarına görə 54, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 11, xırda talamaya görə 18, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 66 fakt aşkarlanıb, mülki məsələlərə görə axtarışda olan 34 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 75 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran, eləcə də konstruksiyasında dəyişiklik edən 13 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 187 fakt müəyyən edilib