Asayis.az xəbər verir ki,tərzi, mahnıları və enerjisi ilə Azərbaycan şou-biznesində fərqlənməyi bacaran Səmra Rəhimli OLAY-a müsahibə verib.
Sənətçi bir neçə məqama aydınlıq gətirib.
O, düşməninin olub-olmadığı barədə suala belə cavab verib:
“Hər insanı yaxınıma buraxmadığım üçün ətrafımdakılar ancaq dostlarımdır. Kim mənimlə düşməndirsə, öz problemidir. Mənim onlardan xəbərim yoxdur”.
Səmra karmaya və bürclərə inandığını bildirib:
“Karmaya inanıram. Bununla bağlı onu deyə bilərəm ki, xətrimə dəyməyin. Sonu yaxşı bitmir və bunu xətrimə dəyənlərin hamısı bilir. Çünki ürəyim təmizdir. Düşünürəm ki, ürəyiniz nə qədər təmiz olsa, kimsə sizə pislik etsə, haqq-ədalət bunu götürməyəcək. Nəticədə həmin insana mütləq nəsə olacaq. Bürclərə inanıram. Tərəzi bürcünün nümayəndəsiyəm. Daha çox Tərəzi və Xərçəng bürcünün nümayəndələri ilə yola gedirəm. Anamın bürcü Şirdir deyə, onunla da bir-birimizi çox yaxşı anlayırıq”.
Əsəbiləşməyi sevməyən müğənni onu nələrin əsəbiləşdirdiyini də etiraf edib:
“Bir az düşünüm... Məsələn, nəsə vaxtında hazır olmursa, işlərim gecikirsə, artıq əsəbiləşməyə başlayıram. Punktuallığı sevirəm. Özüm geciksəm də, mənim işlərimdə heç kim gecikməsin. Yoxsa “dəli” oluram”.
Bu yaxınlarda “Bərabərik” adlı mahnısını təqdim edən sənətçi gender bərabərsizliyinin şahidi olduğunu deyib:
“Demək olar ki, hər gün qadınların şiddət gördüyü barədə xeyli sayda xəbər görürük. Məsələn, kişi ofisiant işləsə normal baxırlar, qadın isə ofisiant işləsə, başqa cür münasibət bəsləyirik. Gecə qadının da işi çıxa bilər, kişinin də. Qadın gecə saat 12-də evdən çıxıb harasa gedəndə bu, başqa cür yozulur. Bu kimi hallarla həm sənətdə, həm də normal həyatda qarşılaşıram. Bununla bağlı “Bərabərik” adlı mahnımda hər şeyi demişəm. Mesajımı çatdırmışam. Biz hamımız bərabərik və bərabər hüquqa malikik. Bu, istənilən sferada belədir”.
İfaçı kiminləsə duet oxumağı düşünmədiyini vurğulayıb:
“Kiminləsə duet oxumağa hazır hiss etmirəm. Hələ ki, özümü tək görürəm. Heç kimlə duet oxumağı düşünmürəm. Bəlkə də duet təklifi gəlib, amma mənə xəbər çatmayıb. O məsələləri özüm danışmadığım üçün bilmirəm”.
Sonda Səmra Rəhimli “Sizcə, Azərbaycanda niyə qadın hip-hop müğənniləri çox azdır?” – sualına belə cavab verib:
“Bilirsiniz niyə Azərbaycanda hip-hop sənətçiləri azdır? Çünki müğənnilərin çoxu pul arxasınca qaçır. Gəlir haradadırsa, ora qaçırlar. Onları da qınamaq olmur. Axı hip-hop toyda oxunası bir şey deyil”.