“Qalatasaray”ın gənc ulduzu İngiltərə klublarına keçə bilər
“Qalatasaray”ın gənc ulduzu Saşa Boey Avropanın aparıcı klublarının diqqətindədir.
Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin iki komandası “Arsenal” və “Kristal Palas” Boeylə yaxından maraqlanır.
Belə ki, İngilis mətbuatı “Kristal Palas”ın yeni mövsümdə Boeyi heyətinə qatmaq üçün çalışdığını və 17 milyon sterlinq büdcə ayırdığını iddia edib. Xəbərdə "Arsenal"ın futbolçunu istədiyi və onu almaq üçün daha yüksək məbləğ ödəməyə hazır olduğu da vurğulanıb.
Saşa Boey bu mövsüm "Qalatasaray"la çempion olduqdan sonra Avropanın elit liqalarında futbol oynamaq istədiyini bildirib.
Gənc futbolçu Fransanın aşağı yaş kateqoriyalarında milli forma geyinməsinə baxmayaraq, hələ ki, A komandasına çağırılmayıb. O, transferdən sonra bu yolun onun qarşısına daha güclü şəkildə açılacağına inanır.
Qeyd edək ki, 22 yaşlı fransalı sağ cinah müdafiəçisinin “Qalatasaray”la 2025-ci ilin iyun ayına qədər müqaviləsi var.
Boey bu sezon “sarı-qırmızılılar”da meydana çıxdığı 30 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.