Dövlət Təhlükəsizliyi Xidməti uğurlu əməliyyat keçirib. Xəbər verildiyi kimi, budəfəki əməliyyatla Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı təxribat və onun iştirakçıları ifşa olunub.
Teleqram kanallarında yayılan videolarla “Xaytarak” radikal qruplaşması sanki Azərbaycanda öz adamlarının olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib. Belə ki, Şəhidlər Xiyabanında ermənilərə məxsus “Xaytarak” və “Erməni Ari dövləti” radikal quruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb. Görüntülərdən aydın görünür ki, çəkiliş edən şəxs qadındır.
Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Əvvəlcə xüsusi əməliyyatla həmin videoları çəkən Rusiya əsilli, İtaliya vətəndaşı olan Yana Gutselyuk saxlanıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən teleqramda turizm yönümlü səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan “Baku Siti” restoranının sahibi kimi təqdim edən şəxs kömək istəyib. Bunun müqabilində pul ödəyəcəyini də bildirib.
Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib ki, Azərbaycanda turizm sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər Xiyabanından foto və video çəkib göndərsin. Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər Xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər. Sonra həmin adam Elena Lariontsevaya bildirib ki, “mən azərbaycanlıyam və mənə inan”.
Elena Lariontseva ilə Şəhidlər Xiyabanında “Xaytarak” radikal quruplaşmasının embleminin fonunda şəkil və video çəkən əslən azərbaycanlı və Rusiyada yaşayan Lalə Bəhrəmova da saxlanaraq ifadəsi alınıb. Lalə bildirib ki, atası azərbaycanlı, anası isə rus olub.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalarla “Xaytarak” radikal qruplaşmanın teleqram kanalının təsisçi və inzibatçıları da müəyyən edilib. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan, Sarkis Arutyunan, İqor Akopdjanyan və Artur Martirosyandır.
Maraqlıdır ki, tora düşənlər biri azərbaycanlı olmaqla, hamısı qadındır. Bəs erməni tələsinə düşməmək üçün nə etməli? Əhali nələrə diqqət etməlidir? Saxlanılan qadınları hansı cəza gözləyir?
Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, əhali bu şəkildə tələyə düşməmək üçün belə avantürist təkliflərdən uzaq durmalıdır. Yadda saxlamaq lazımdır ki, düşmən sadə insanları öz təxribatlarında istifadə etməyə çalışır, bu baxımdan insanlarımız ayıq-sayıq olmalıdır: “Azərbaycanın xüsusi xidmət orqanları belə təxribatların qarşısının alınması, ifşası üçün daim tədbirlər görür. Düşmən tərəf də yatmır, ona görə də insanlar sosial şəbəkələrdən gələn belə təkliflərə reaksiya verməməlidirlər. Xüsusi xidmət orqanlarımız yetərincə peşəkar addımlar atır, əməliyyat keçirir və həmin şəxsləri ifşa edir. Ermənilərin tora saldıqları da qadınlardır və onların səmiyyətindən istifadə edilib. Bu baxımdan, qadınların barəsində cinayət təqibinin aparılması da məqsədəmüvafiq hesab olunmur. Bununla belə, düşmənin çirkin planlarında yer almaq, düşmən tərəfin xahişi ilə hansısa əməllər etmək cinayət məsuliyyəti yaradır”.
Sabiq polis rəisi deyir ki, vətəndaşlarımız ayıq-sayıq olmalıdır: “Çünki düşmən əməllərini davam etdirə və başqa vasitələrlə vətəndaşlarımızı öz təxribatlarında iştiraka sövq edə bilər. Bizim əsas vəzifəmiz onları zərərsizləşdirməkdir. Belə halların təkrarlanmaması üçün əhali arasında təbliğat işləri aparılmalı, gənclər, yeniyetmələr, sosial şəbəkələrdən istifadə edən məktəblilərin maarifləndirilməsini gücləndirmək lazımdır. Onların sosial şəbəkələrdə bu cür tələlərə düşməsinin qarşısını almaq məqsədilə addımlar atmaq mütləqdir”.