Hakim komandada çoxdan anons edilən dəyişikliklər bir-birinin ardınca gerçəkləşir. Xüsusilə son illər geniş vüsət alan iqtisadi islahatlar fonunda iqtidar komandasında baş verən keyfiyyət dəyişiklikləri diqqətdən kənarda qalmayıb. Hakim elitanın dəyişməsi və yenilənməsi fonunda cərəyan edən proseslər daha çox “köhnə qvardiya”nın sıradan çıxarılması ilə müşayiət olunur. Yenisabah.az bildirir ki, “qocalar”dan qurtulmaq prosesi bundan sonra da davam edəcək. Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevdən sonra daha bir neçə qocaman məmurun “könüllü” istefaya getməsi gözlənilir.
Hakim komandada postunu qorumağa müvəffəq olmuş bəzi stajlı məmurların təsir imkanlarının minimuma endirilməsi baş verir. Bu sırada vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı simalarından biri olan, baş nazirin müavini Əli Əhmədovun adını çəkmək olar. Bu ilin yanvarında 70 yaşını tamamlamış Ə.Əhmədovun “vurulması” 2021-ci ilə təsadüf edir. 2021-ci ildə YAP-ın VII Qurultayında partiyadakı bütün mövqelərini itirəndən sonra onun “kölgəyə çəkildiyi” müşahidə olunur. Tahir Budaqovun 5 mart 2021-ci ildə YAP sədrinin qərarı ilə YAP sədrinin müavini və YAP Mərkəzi Aparatının sədri təyin olunması Ə.Əhmədovun siyasi karyerasının bitməsi ilə nəticələndi.
YAP Mərkəzi Aparatının əməkdaşlarından biri isə sayta deyib ki, məşhur YAP-çı son vaxtlar, hətta hakim partiyanın qərargahına getmir və keçirilən iclaslara demək olar dəvət edilmir. İddia olunur ki, Ə.Əhmədov partiyaya de-fakto rəhbərlik etdiyi dövrdə intriqant fəaliyyətlə məşğul olub, kadr seçimində şəxsi münasibətlər və regional amilləri əsas götürüb. Bu problem 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində daha qabarıq formada diqqəti cəlb edib. Ə.Əhmədovun YAP-ın deputat siyahısını əsasən yaxın ətrafındakı şəxslərdən müəyyən etməsi 2021-ci ildə onu “oyundankənar vəziyyət”ə salıb. Mənbə deyib ki, Ə.Əhmədov hazırda baş nazirin müavini postunu tutsa da, onun bu vəzifədə çalışması formal xarakter daşıyır. O, Ə.Əhmədovun yaxın vaxtlarda postu ilə vidalaşacağını bildirib. Onun sözlərinə görə, Ə.Əhmədovun könüllü şəkildə istefa verməsi gözlənilir.
Qeyd edək ki, 2018-ci ildən dövlət və hökumət idarəetməsində gəncləşmə siyasəti, gənc kadrların irəli çəkilməsinə start verilib. Bir çox nazirliklərə rəhbərlik gənc kadrlara tapşırılıb. Yeni Azərbaycan Partiyasının yaşlı-köhnə simalarının böyük dövlət, hökumət strukturlarında üstünlüyü dövrü artıq mövcud deyil. Gənclərin önə çəkilməsi siyasətinin Yeni Azərbaycan Partiyasının da idarəçiliyinə daha geniş tətbiq ediləcəyi gözlənilir. Hakim partiyanın 2018-dən götürülən kadr siyasəti kursu ilə tam şəkildə ayaqlaşması təmin ediləcək. /”Yeni Müsavat”