“Məncə, İlkin Qəmbərin yazdıqları ilə bağlı, birincisi, onu tapıb danışdırmaq daha yaxşı olar. Ola bilməzmi ki, onun adından bunu yazsınlar, yaxud sosial şəbəkə hesabı sındırılsın? Bu barədə İlkinin özü cavab verməlidir”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma “erməni soyqırımı” ilə bağlı “Twitter” hesabında yazdığı posta, habelə oğlunun paylaşımına görə atasının tənqid atəşinə tutulmasına münasibət bildirib.
“Mən tanıdığım İlkin heç vaxt pis bir uşaq olmayıb. Bu uşaq 9 ildir Azərbaycandan Kanadaya gedib. Bəlkə kiminsə təsirinə düşüb? Belə şeylər ola bilər.
O ki qaldı İsa Qəmbərə, onun burada nə günahı var? Bu adamın 40 yaşı var! İlkin Azərbaycanda olanda çox tərbiyəli və normal bir uşaq idi. Atası da normal bir insandır. 1984-cü ildə heç kəs Zori Balayanın yazdığı “Ocaq” kitabına cavab verməyəndə İsa Qəmbər ona “Anti-Ocaq” kitabı ilə cavab verib. Bunları ki unutmaq olmaz...”
N. Cəfəroğlu xatırladıb ki, məlum filmi çəkənlərin içində 40 nəfər iştirak edib:
“Tək İlkin olmayıb, amma biz heç nəyi tam dəqiqliklə bilmirik. İlkin Kanadada oturub, biz isə burada onu linç edirik, olmaz belə şey. Yox, əgər İlkin elə bir şey yazıbsa, ondan “podlets” adam yoxdur. Mən nifrət edirəm ki, kimsə bu “soyqırımı”na başsağlığı versin. Ona qalsa, əsl soyqırımına məruz qalan millət elə biz olmuşuq, amma bunu heç dilə gətirmirik. Yəhudilərə holokost olsa da, onlar bunu ermənilər kimi dünyanın gözünə soxmurlar. Amma ermənilər illərdir ki, bunu dünyanın gözünə soxa-soxa qalıblar və qalacaqlar da”.
“Yenə deyirəm, əgər İlkin bunu yazıbsa, deməli, o, ailəsindən qopub. İlkin hər şeydən qabaq ana-atasını, qardaşını fikirləşməli idi. Çünki bunu yazan insan özündən qabaq ailəsini və yaxınlarını düşünməlidir. Belədirsə, onda bu adamı biz itirmişik.
Bu günləri “Facebook”da İsa bəyə qarşı bir cəmiyyət formalaşıb. Bu cəmiyyəti düşmənçiliyə öyrətmək olmaz. Onsuz da biz bir balaca millətik və hər tərəfimiz düşməndir. Ona görə də bu məsələni şişirdib, qabartmaq yersizdir”.
Hüquq müdafiəçisi iddia edib ki, bu gün İsa Qəmbərə deyilən söz Məhəmməd Əmin Rəsulzadəyə, Müsavata deyilən bir sözdür:
“Gəlin, biz Müsavatın, onların qurduğu cümhuriyyətin adını biabır etməyək. Mən hər zaman deyirəm ki, bir-birimizi təhqir etməyək. Bu saat Azərbaycan ağır məqamdadır. Bu söhbət Türkiyəyə çatsa, nə olacaq? Nə fikirləşəcəklər? İsa Qəmbəri minlərlə insan Türkiyədə tanıyır. Qısası, İlkin bu işi edibsə, ən axırıncı adamdır. Özü də Qarabağlı olaraq, bu sözü deməyə heç, amma heç ixtiyarı yox idi. Çünki illərdir Azərbaycan soyqırımına məruz qalıb. İsa bəyə dəyən daş isə şərəfsizlik və murdarlıqdır”.
Pravda.az