“Ermənilər Azərbaycanda həmişə hörmət görüblər” - Deputat

 “Ermənilər Azərbaycanda həmişə hörmət görüblər” - Deputat

"Tarix boyu Azərbaycan tolerant dövlət kimi tanınıb. Sözün həqiqi mənasında Azərbaycanda yəhudilər, ruslar, ukraynalılar, tatarlar və s. onlarca başqa xalqlar həmişə mehriban yaşayıblar. Bu nədən irəli gəlib? Bu torpağın sahibi olan Azərbaycan xalqı heç bir xalqa, o cümlədən ermənilərə yuxarıdan aşağı baxmayıb. Heç birinin hüququnu tapdalamayıb".

Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. 

Deputat vurğulayıb ki, Azərbaycanda qeyri-azərbaycanlılar da, o cümlədən ermənilər də həmişə hörmət görüblər:

"Onlar azərbaycanlılardan xeyirxahlıq  görüblər. Azərbaycanlılar tərəfindən heç bir zaman ermənilər təhqir olunmayıblar, onlara zülm olunmayıb. "Onlar burada getməlidir" fikri heç vaxt gündəmdə olmayıb. Bununla bağlı, kifayət qədər danışmaq olar, kifayət qədər tarixi faktlar söyləmək olar. Bu gün də Xankəndi daxil olmaqla, Qarabağın ərazisində müəyyən qədər ermənilər yaşayır. O ermənilərin bura gəlməsi də, neçənci ildə hansı müqavilədən sonra gəlməsi də məlumdur. Ancaq biz bunu heç bir xalqa, o cümlədən erməni xalqına qarşı deməmişik ki, "siz gəlmisiniz, buradan gedin". 

Vaxtilə 1919-cu ildə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilər deyəndə ki, biz Cümhuriyyətin qanunlarını qəbul edirik. Biz də onlara dedik ki, əlbəttə ki, siz Azərbaycan vətəndaşınız. Hətta, Azərbaycan parlamentində ermənilərə bir yer verildi, parlament üzvü kimi. Bu gün də Azərbaycanın dövlət başçısı səviyyəsində ermənilərə deyilir: "Onlar Azərbaycan vətəndaşıdırlar, Azərbaycan qanunları ilə yaşamaq istəyirlərsə, onlar üçün heç bir problem yoxdur. Nə zaman ki, onlar separatçı mövqeyindən dönməsələr, terror yolu ilə guya özlərini "müdafiə edirlər" fikrinə düşsələr, o zaman onların Azərbaycan torpaqlarında yaşamağa haqqı-hüququ yoxdur. Onlar buradan getməlidirlər!". 

Deputat bildirib ki, tolerant ənənəyə malik və dünyaya nümunə olan Azərbaycan heç zaman hər hansı erməniyə qarşı zorakı yolla bu ölkədən çıxarılmasının tərəfdarı deyil:

“Heç bir zaman belə çıxışları olmayıb. Ancaq ən əvvəl onu deyək ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar. Azərbaycan qanunlarını qəbul etmiş olsalar, bu qanunlara riayət etmiş olsalar, onlar bu ərazidə yaşaya bilərlər. Həyatın bütün sahələrində, elmin bütün sahələrində Azərbaycanda yaşayan başqa xalqlar kimi fəaliyyət göstərə bilərlər və onlara bu barədə heç bir yasaq yoxdur. Amma, əgər onlar Azərbaycan qanunlarını qəbul etmirlərsə, etməyəcəklərsə, təbii ki, onların burada dinc həyatı ola bilməz. Necə ola bilər ki, Azərbaycan torpağında yaşasınlar, Azərbaycan qanunlarını qəbul etməsinlər, Azərbaycan dövlətinə qarşı düşmən münasibətdə olsunlar. Bu, qəbuledilməzdir!".
 

 

Demokrat.az

12:10 - 26 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin