Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə edib.
Asayis.Az xəbərinə görə, məruzədə deyilir:
“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üç rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur.
Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Azərbaycanın Ermənistanla sərhədində qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
Xatırlatma: 2020-ci il oktyabrın 20-də sərhədçilər tərəfindən azad edilən Zəngilan şəhərində Azərbaycanın üçrəngli şanlı bayrağı ucaldılıb. Şəhərin azad edilməsini Ali Baş Komandana DSX-nin zabiti, Arazboyu əməliyyatlarında böyük şücaət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov məruzə edib.