QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirildi

 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirildi

Bakıda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə əvvəlcə akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra akademikin həyat və yaradıcılığına həsr olunmuş videomateriala baxış olub.

 

Açılış nitqi ilə çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, bugünkü tədbir akademik Zərifə Əliyevanın əziz xatirəsini yad etmək, onun həyat və fəaliyyətini bir daha diqqətə çatdırmaq məqsədi daşıyır.

 

A.Əliyeva vurğulayıb ki, Zərifə xanım öz şəxsi nümunəsi ilə Azərbaycan qadınının ideal obrazını yarada bilib:

 

"Onun mərhəmətlə bütövləşmiş nəcib missiyası bu gün hər bir xanım üçün örnək rol oynayır. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan əsərləri hər zaman təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb".

 

"Zərifə Əliyeva həm də ona görə xöş taleli və unudulmaz bir şəxsiyyətdir ki, onun humanist həkimlik peşəsi, elm adamı, ictimai xadim kimi fəaliyyəti, ləyaqətli həyat yoldaşı, ana, nənə kimi missiyası bu gün də sözün əsl mənasında yaşayır, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsində daha böyük miqyasda davam edir. Mehriban xanım da istedadlı göz həkimi, görkəmli ictimai-siyasi xadim kimi öz yorulmaz fəaliyyəti ilə milyonlarla insana ümid işığı, firəvanlıq, can sağlığı və gələcəyə inam bəxş edir. Əsl şəxsiyyətlər təkcə yaşadığı dövrdə deyil, dünyadan köçdükdən sonra da öz izlərini saxlaya bilənlərdir. Azərbaycanın Ali Baş Komandanı, ölkə başçısı, Şuşa fatehi İlham Əliyev isə Zərifə Əliyevanın xalqımıza bəxş etdiyi ən böyük və ən əvəzsiz dəyərdir", - A.Əliyeva əlavə edib.

 

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, professor Zərifə Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılıb.

 

PA rəsmisi vurğulayıb ki, tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir:

 

"Həyatı hər bir alim və tibb işçisi üçün başdan-başa örnək olan akademik Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuş, şəfqətli ana kimi müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayıb.

 

Zərifə xanım oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara şəfa olan bir insan olub. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental Əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.Bu gün də şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm, təhsil və səhiyyədə qoyub getdiyi izlər əsla silinməyib. Bu gün xalqımız zəkası, elmə sədaqəti, yüksək daxili mədəniyyəti, insanlıq qarşısında məsuliyyəti ilə qəlblərə yol tapmış Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün qan yaddaşına əbədi həkk etməklə, parlaq xatirəsini daim ehtiramla anır".

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da öz növbəsində bildirib ki, həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva ölkədə yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.

 

Respublika Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Fatma Səttarova akademik Zərifə Əliyeva ilə bir dövrdə doğulub böyüdüyü üçün fəxr etdiyini deyib:

 

"Bizim yaşıdlarımız hər zaman nəzarət altında olub. O, dahi Əziz Əliyevin ailəsində böyüyüb. Zərifə Əliyeva bizim idealımız idi. Azərbaycan qızları hər zaman namuslu olub. Zərifə Əliyeva əsl Azərbaycan qızı idi. Biz sevməyi də ondan öyrənmişik. O, hər zaman Heydər Əliyevə güc, şücaət, əzm və cəsarət verirdi".

 

Vətəndaş cəmiyyətinin digər nümayəndələri də akademik Z.Əliyeva barədə fikirlərini bölüşüblər.

 

Tədbir Xalq artisti Samir Cəfərovun ifasında "Əziz anam" mahnısı ilə yekunlaşıb.

 

Sonda tədbir iştirakçıları Fəxri xiyabanda akademik Zərifə Əliyevanın qəbrini ziyarət ediblər.

 

Qeyd edək ki, tibb elminin inkişafında xüsusi xidmətləri olan görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü il dönümünün qeyd olunmasının təmin etmək məqsədilə Prezident İlham Əliyev ötən ilin noyabrında sərəncam imzalayıb.

13:23 - 25 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin