Son günlər mediada Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifovun yeni vəzifəyə keçmək istədiyi haqda məlumatlar yayılıb. Məlumata görə, Aydın Yusifov Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinə rəis gətiriləcək.
Aydın Yusifovun özü isə “Bizim.Media”ya açıqlamasında başqa regiona getmək istədiyini təsdiqləyib.
Buna Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi olaraq da baxmaq mümkündür və məlumatı oxuduqda burada heç bir problem görünmür də.
Amma bu “təyinat” xəbəri ilə adı gündəmə gələn Aydın Yusifov haqda qısa araşdırma kifayət edir ki, onun nəinki yeni postda təyinatı, ümumiyyətlə hazırda daşıdığı vəzifədə də Azərbaycan idmanına yox, birbaşa Azərbaycan dövlətçiliyinə təhlükə olduğunu anlayasan.
Aydın Yusifov İranda molla rejiminə xüsusi simpatiyası ilə seçilir. Bir insan dindar ola bilər və Azərbaycanda iradə azadlığının mövcud vəziyyəti hər kəsin öz ibadətini rahat şəkildə həyata keçirməyə imkan verir. A.Yusifovun dini meylləri də onun iş fəaliyyətinə aidiyyəti yoxdur. Lakin məsələ İrandakı molla rejiminə sevgi olanda artıq məsələ dəyişir.
A.Yusifovun İrana səfər etdiyi, bu ölkədəki molla rejiminin nümayəndələri ilə səmimi pozlar verdiyinə dair fotolar yayılıb. Artıq sirr deyil ki, İran rejimi Azərbaycanda özünün casus şəbəkəsini formalaşdırmaq istiqamətində uzun illərdir çalışır və bu şəbəkənin əsas məqsədi konstitusiya quruluşunu devirərək, şəriət rejimi qurmaqdır. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar və ortaya çıxan faktlar da bunu tamamilə ispata yetirdi.
Lakin diqqəti din adı altında gizlənən şəbəkəyə yönəltdiyimiz vaxt, Aydın Yusifov kimilərin dövlət qurumlarında gizləndiyi reallığı da unudulmamalıdır. Bu kimi şəxslərin fəaliyyəti mütləq araşdırılmalıdır. Görünür, Aydın Yusifov İranla sərhədlərimizə yaxın olan regional idarəyə rəis təyin olunmaq istəyir. Bu o deməkdir ki, bütöv bir regionun və həmin regiondakı gənclərin taleyi İranda molla rejimi ilə səmimi pozlar verən bir şəxsə həvalə edilir.
Araşdırma aparılmadan heç kim zəmanət verə bilməz ki, Aydın Yusifov burada molla rejiminin təbliğatını aparmayacaq. Bu təbliğatın hədəfinin gənclərimiz olduğunu düşünəndə isə təhlükənin miqyası daha da böyüyür.