"Ermənistanda uzun illərdir Azərbaycan və türk dilinin tədrisinə xüsusi önəm verilir. Onlar bu istiqamətdə çox fəal iş aparırlar. Həm məktəblərində, həm tədqiqat mərkəzlərində, universitetlərində bu istiqamətdə davamlı olaraq işlər aparırlar. Deyə bilərik ki, onlar davamlı olaraq Azərbaycan və türk dillərində müxtəlif məlumatları yayaraq öz dövlətlərinin mövqeyini daha geniş təbliğ etməyə çalışırlar".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, Ermənistanda bir çox media resurslarında türk bölməsi də fəaliyyət göstərir.
"Bu, əslində o prizmadan edilir ki, bizi daha yaxşı başa düşsünlər. Yəni, dezinformasiya etmək və insanların beynini qarışdırmaq üçün bu məsələyə xüsusi önəm verirlər. Belə tədris Ermənistanda uzun illərdir aparılır. İndi də bunun son proseslərdən sonra genişləndirilməsinə çalışırlar. Burada əsas hədəf gələcəkdə Türkiyə və Azərbaycanla münasibətlər normalaşandan sonra özlərinin uzunmüddətli məqsədlərini və niyyətlərini həyata keçirtsinlər".
Deputat bildirib ki, Azərbaycan da bu məsələyə xüsusi önəm verməlidir:
"Kütləvi olmasa da, Azərbaycanda Ermənistanı araşdıran xüsusi bir mərkəzin olmasına ehtiyac var. Universitetlərimizdə, heç olmasa bir-iki məktəbdə erməni dilinin öyrədilməsi istiqamətində işin aparılmasına ehtiyac var.
Bilirik ki, bu gün informasiya dövrüdür. Düşmən üzərində qələbə çalmaq üçün onun dilini, mədəniyyətini bilməliyik. Onun nə düşündüyünü bilməliyik. Ermənilər bu məsələyə hər zaman həssaslıqla yanaşıblar. Hər zaman bu istiqamətdə böyük işlər görməyə çalışıblar. Azərbaycan və türk dillərində kitablar belə yazırlar. Biz də bu məsələyə xüsusi önəm verməliyik. Ermənistanı araşdıracaq tədqiqat mərkəzi olmalı, eyni zamanda erməni dilini bilən yaxşı mütəxəssislərin yetişdirilməlidir. Bunlar çox önəmlidir".
Demokrat.az