Qarabağ separatçıları arasındakı ziddiyətlər getdikcə gərginləşir. Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, qondarma rejimin “müdafiə ordusu”nun keçmiş komandanı, separatçı qurumun sabiq “təhlükəsizlik şurası katibi” Samvel Babayanın təşkil etdiyi görüş xoşagəlməz sonluqla yekunlaşıb.
Qəzetin məlumatına görə, aprelin 16-da Xankəndidəki “Nadejda” tədbir zalında tərəfdarları ilə görüşdən sonra ehtiraslar o qədər qızışıb ki, söz davası əlbəyaxa davaya çevrilib:
“Hətta həyətdəki görüş iştirakçılarından biri zalda Babayanın “partiya”sının üzvü olan, qondarma rejim “parlamenti”nin “müdafiə komitəsi”nin “sədri” Seyran Ayrapetyanı bıçaqlayıb. "Deputat" bununla bağlı polisə ərizə yazıb”.
Xatırladaq ki, Babayan aprelin sonunda Xankəndinin “İntibah” meydanında çadır toplantıları və silsilə mitinqlər etmək niyyətində olduğunu bəyan edib. O, hətta Qarabağda bir sıra aktiv görüşlərə də başlayıb. Lakin 400 yerlik zalda sözügedən toplantıda 100 nəfər belə olmayıb.