"Teatr mənim sevdiyim, hörmət bəslədiyim bir məkandır. Qoruduğum, böyük məsuliyyətlə yanaşdığım, cavabdehlik daşıdığım bir məkandır. Mənfi obraz mənim daxili və xarici imkanlarıma uyğun gəlir deyə rejissorlar seçirlər. Amma bəzən olur ki, rejissorla bizim mübahisəmiz düşür və mən bu rolda özümü görmədiyim üçün imtina edə bilirəm".
Asayis.az xəbər verir ki, bunu Faktmedia.az-a aktrisa Zemfira Əbdülsəmədova deyib.
Aktrisa əlavə edib:
"Bu yaxınlarda mənə pyes verəndə dedilər ki, orda iki obraz var və biz sizi iki obrazda da görürük. Hansı obraz ürəyimə daha yaxındırsa o obraz üzərində çalışdım. Ümumiyyətlə obrazları mənfi və müsbətə bölmək istəmirəm, əsas uğurlu olmasıdır. Onu da demək istəyirəm ki, heç kəs doğuluşdan mənfi obrazda doğulmur, sadəcə çətin həyat tərzi olur, hansısa səhvlərin uc batından xarakteri mənfi olur. Mənim üçün həm kino, həm teatr sahəsi maraqlıdır. Amma teatr mənim üçün daha özəldir. Bu ondan irəli gəlir ki, teatr canlı ünsiyyətdir və tamaşadan sonra gələn alqışlar, tamaşaçının zaldan səhnəyə ötürdüyü enerji insana gözəl əhval yaşadır. Elə teatrın özəlliyi də bundadır. Bizdə filmlərin keyfiyyəti ürəkaçan deyil. Filmə çəkilən, teatrda oynayan hər bir şəxs aktyorluq məktəbini keçməlidir. Mənim oynamaq istədiyim arzuladığım bir rol var. Hansısa teatrda komedik obrazlar oynamaq istəyirəm. İnşallah qismət olsa, rejissorlar mənə imkan yaratsalar əlbətdə ki oynayaram".