"Terrorçu Ermənistan həmişə ayrı-ayrı güc dövlətlərinin aləti olub və bu gün də müəyyən qüvvələr regionda stabilliyin pozulması üçün ondan istifadə edirlər".
Asayis.Az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisinin deputatı İlham Məmmədov deyib.
Deputat bildirib ki, bölgədə sülhün əldə olunmasını istəməyən bəzi qüvvələr alət və oyuncaq dövlət olan Ermənistana dəstək göstərərək belə təxribatlar törətməsinə imkan yaradır:
"İlk növbədə Ermənistanın silahlanmasında İran izini açıq-aydın görə bilərik. Çünki sərhəddə sonuncu təxribat zamanı İranın pilotsuz uçuş aparatları havaya qaldırıldı.
Bundan başqa, Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi və buna da Fransanın rəhbərlik etməsi Ermənistanı bu cür təxribatlara ruhlandırır.
Təbii ki, bu missiyanın əsas vəzifələrindən biri regionda stabilliyi pozmaq və müxtəlif təxribatlar törətməkdir. Onlar başa düşmür ki, möhtərəm cənab Prezidentimizin zərgər dəqiqliyi ilə işləmiş siyasəti bunların bu cür təxribatlarının qarşısını çox rahatlıqla alır".
O qeyd edib ki, Ermənistanla eyni genetik əqidəni daşıyan və terrorizmi dəstəkləyən, terror fəaliyyəti ilə məşğul olan İran daima onu dəstəkləyir:
"İran dünyada terroru dəstəkləyən bir dövlətdir, bir şeytan yuvasıdır. ASALA, Daşnaksütun kimi terror təşkilatları vaxtilə ayrı-ayrı ölkələrdə türk diplomatlarına qarşı sui-qəsdlərlə ad çıxardıb, öz əzizləri olan Ermənistanın böyük bacısı Fransanın aeroportunda həyata keçirdikləri terrorla isə bütün dünyada məşhurdular.
Sərhəddəki son təxribatlarda Rusiyanın əlinin olmasına inanmıram. Çünki Rusiya məhz sülh siyasətinin, sülh danışıqlarının həyata keçirilməsində, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq olunan embarqolardan qaçmaq üçün məhz Zəngəzur dəhlizi Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Bu dəhlizin açılması Rusiyanın özünə sərf edir.
Düzdür, Qarabağda yerləşən sülhməramlı qüvvələrinin öz missiyalarından kənar fəaliyyətlərini müşahidə edirik. Həmçinin, Rusiyanın siyasi rəhbərliyində təmsil olunan müəyyən adamların bizə xeyri olmayan və vəziyyəti kəskinləşdirən bəyanatlarını da zaman-zaman eşidirik. Amma Rusiya-Ukrayna müharibəsi və Rusiyada tətbiq olunan embarqolar fonunda Rusiya buna maraqlı deyil.
Bu gün İran və Fransa regiona daxil olmaq üçün bu fürsətdən yararlanmağa çalışırlar. Ümumiyyətlə, 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransa məhz bu proseslərin dondurulmuş halda qalmasına rəvac verib. Yenə də regionda sabitlik onlara sərf etmir və bu baxımdan təxribatların törədilməsində maraqlıdırlar. Lakin cənab Prezidentimiz cilalanmış, zərgər dəqiqliyi ilə aparılmış siyasəti beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı yönəlik fikirlərinə, bəyanatlarına rəvac verməmək üçün çox təmkinlə davranır. Amma təbii ki, güclü ordumuz hər an, hər zaman bizə qarşı təxribat törədən düşmənin başını əzməyə və onu məhv etməyə qadirdir".