Çin Tayvandakı hədəflərə hücum simulyasiyası edir.
Asayis.Az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
"Birləşmiş komandanlıq altında çox sayda qoşun Tayvan adasında və ətraf dəniz ərazilərində simulyasiya edilmiş əsas hədəflərə dəqiqliklə zərbələr endirib" - xəbərdə bildirilib. Bu hücum simulyasiyaları orduların mümkün müharibədən əvvəl gördüyü son hazırlıqlar kimi xarakterizə edilir.
Çin dövlət televiziyası da təlimlərin Tayvan ətrafında davam etdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-ın təqaüdçü admiralı Ceyms Stavridis və jurnalist Elliot Ackerman tərəfindən yazılmış “2034: A Novel of the Next World War” (2034-cü Dünya Müharibəsi ssenarisi) adlı kitabda Cənubi Çin dənizi yeni bir müharibəyə başlamaq üçün potensial bölgə olaraq göstərilib.
Sözügedən kitabda belə bir müharibə zamanı hansı silahlardan istifadə olunacağı barədə məlumat da verilir. Bildirilir ki, döyüş meydanında avtonom, yəni pilotsuz hərbi maşınlar üstünlük təşkil edəcək.
Stavridis və Ackerman hesab edirlər ki, konvensional müharibədən fərqli olaraq, bu münaqişədə görünməmiş hadisələr yaşanacaq.
Müəlliflərin fikrincə, müharibədə hər iki tərəf “düşmən sistemlərini” məhv etmək üçün genişmiqyaslı haker hücumlarına başlayacaq.
Pekin Tayvanın Çinin bir hissəsi olduğunu, Tayvan isə müstəqil ölkə olduğunu deyir. Çin rəhbərliyi “sülh yolu ilə birləşmə” adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəyir və bu istiqamətdə güc tətbiq etməkdən çəkinməyəcəyini ifadə edir. Pekin digər ölkələrin Tayvanla rəsmi əlaqəsini “suverenliyin pozulması” kimi qiymətləndirir. Tayvanı dünyada yalnız 13 ölkə rəsmi olaraq tanıyır. Pekin administrasiyası Tayvan lideri Tsayın Los-Ancelesdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşündən əvvəl Tayvana xəbərdarlıq edib. Çinin Tayvan İşləri İdarəsinin sözçüsü Zhu Fenglia verdiyi açıqlamada bildirib ki, rəsmi Pekin görüşün tamamilə əleyhinədir və buna qəti şəkildə qarşı çıxmaq üçün bütün lazımi tədbirlər görüləcək.
ABŞ prezidenti Bayden Çinin mümkün müdaxiləsi halında Tayvanı hərbi yolla müdafiə etməyə hazır olduqlarını ifadə etsə də, bölgədəki münaqişənin dünya müharibəsinə çevrilə biləcəyi ehtimalı qorxu yaradır.