Azərbaycan vətəndaşları Ərdoğanı seçdi

 Azərbaycan vətəndaşları Ərdoğanı seçdi

Mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçiriləcək. Bu seçkilər Türkiyə və dünyanı olduğu kimi, Azərbaycanı da yaxından maraqlandırır. Azərbaycan-Türkiyə münasibətləri baxımından qarşıdan gələn seçkilərin həssaslığı anlaşılandır. Bəs, Azərbaycan insanı Türkiyədə keçiriləcək Prezident seçkilərində kimin qalıb gəlməsini istəyir?

APA bu məqsədlə Bakı küçələrində vətəndaşlar arasında sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik:



Nizam Süleymanov: Türkiyənin son illər iqtisadi inkişafını və güclü dövlət kimi söz sahibi olmasını yüksək qiymətləndirirəm. Bunların hamısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Qarşıdakı seçkilərdə Ərdoğanın yenidən qardaş ölkənin Prezidenti seçilməsini istəyirəm. Onu siyasətçi kimi, bir lider kimi çox sevirik. Ərdoğan ölkə başçısı seçiləndən Türkiyə dövləti çox qabağa getdi, dünyada söz sahibi ölkələrdən biri oldu. Həm iqtisadiyyatı, həm hərbi cəhətdən Türkiyənin inkişafı göz qabağındadır. O Türk dövlətlərinə hər zaman dəstəkdir. O böyük Turanın, onun ordusunun qurulmasını istəyir. Biz onu dəstəkləyirik. Seçkilərdə ona uğurlar arzu edirik.



Mirheydər Abbasov: Türkiyənin son dövrlərdə inkişaf etməsi, iqtisadi baxımdan güclənməsi bizim üçün fəxrdir. Biz qardaşıq, onların güclü olması bizim üçün yaxşıdır. Bizə arxa və dayaqdırlar. Türkiyəni hazırda çətin seçkilər gözləyir. Birmənalı olaraq Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçiləcəyinə əminəm. Çünki onun rəqibinin çıxışlarına baxıram. Yalnız boş və avantürist bəyanatlar verir. Ərdoğan isə böyük siyasətçi, böyük şəxsiyyətdir. Hazırda Türk dünyasının böyük liderlərindən biridir.



Məhəmməd Hümbətov: Türkiyə böyük dövlətdir. Müsəlman aləminin qüdrətli, böyük dövlətidir. 1970-80-ci illərdə Turqut Özalın rəhbərliyi altında Türkiyə böyük sıçrayış elədi. Bununla da Türkiyə dünyada inkişaf etmiş dövlətlərdən biri oldu. Heç də təsadüfü deyil ki, hazırda da NATO kimi təşkilatının üzvüdür. Türkiyənin apardığı siyasət və Azərbaycana göstərdiyi diqqət qiymətləndirilməlidir. Hazırda biz onlarla fəxr etməliyik.

Türkiyə hazırda seçkiyə hazırlaşır. Açığı indidən kimin prezident seçilməsini bilmək olmaz. Amma Ərdoğanın yenidən prezident seçilməsi arzuolunandır. Bu, Azərbaycanın gələcəyi nöqtəyi-nəzərindən də çox vacib amildir. Ərdoğan dünya siyasətində öz yeri olan siyasətçidir, onun xüsusi çəkisi var. Əsas odur ki, o, Azərbaycanın dostudur.



Təranə Yusifova: Türkiyə bizim qardaş ölkəmizdir. Hər zaman onların güclü olması bizim də güclü olmağımız deməkdir. Onların insanı bizim insanımızdır. Onların sevinci, kədəri bizim sevinc, kədərimizdir. Qarşıda seçki var. Birmənalı olaraq Ərdoğanın seçkidə qalib olmasını arzulayırıq. Düşünürəm ki, dünyada onun kimi siyasətçi azdır. Hər yerdə öz sözünü, dövlətinin, ümumiyyətlə türk dünyasının sözünü deyir və müdafiə edir.

Ərdoğan türk dünyasını birləşdirmək üçün də yorulmadan səy göstərir. Bu səbəbdən bizim üçün, ümumiyyətlə, dünyada yaşayan türklər üçün ən yaxşısı Ərdoğanın yenidən Prezident olmasıdır.



Mirələm Adışov: Türkiyədə seçkilərdən kimin qalib olmasına baxmayaraq onlara uğurlar arzu edirəm. Qərarı Türkiyə vətəndaşları verəcək. Kimin ölkə başçısı olmasından asılı olmayaq Türkiyə böyük və qüdrətli dövlətdir. Dünya ölkələri arasında söz sahibidir. Bu səbəbdən də adların fərqi yoxdur. Kim olmasına baxmayaraq, bizim qardaşımızdılar, uğurları uğurumuzdur.



Əliqardaş Məmmədov: Türkiyənin son dövrlərdə iqtisadi baxımdan çətinliklərə düşüb. Bunun bir səbəbi də ölkədə baş verən təbii fəlakətlərdir. Türkiyə böyük dövlətdir və iqtisadi baxımdan da qüdrətlidir. Zəlzələ isə onları bir az geri saldı. Qarşıdan gələn seçki prosesi çox ağır olacaq. Amma Ərdoğanın qalib olacağına ümid edirəm. İstər öz vətəndaşlarının, istərsə də xarici vətəndaşların ona sevgisi var. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün də Ərdoğanın əlaqələri lazımdır. Onun xarici ölkə başçıları ilə əlaqələri çox yüksək səviyyədədir. Böyük siyasətçi, uzaqgörən insandır. Milli kimliyə sahibdir. Məncə əsas amillərdən biri də odur ki, rəhbər dövlətini, millətini sevsin.



Nəsimi Əhmədov: Ərdoğan hardadırsa, demək ki orda işıq var. Ərdoğan varsa, Türkiyə xalqı əziyyət çəkməyəcək. Dövlət başçısı kimi öz xalqını, millətini sevir. Türk dövlətini sevən, onların birləşməsini sevən insandır. Onların bir-birinə dayaq olmasını istəyən dövlət başçısıdır.



Aydın Məmmədov: Türkiyənin hazırda iqtisadi baxımdan zəiflik yaranıb. Ölkədə zəlzələnin də təsiri çoxdur. Düşünürəm ki, bu seçkilərdə Ərdoğan qalib gələ bilməyəcək. Türkiyə seçicisinin bu dəfə Kamal Kılıçdaroğlunu seçəcəyini düşünürəm. Ərdoğan siyasətçi kimi dünyada tanınır. Sadəcə, son hadisələr seçkilərə təsir göstərəcək.



Fəhmin Əzizli: Türkiyə çox güclü dövlətdir. İqtisadi baxımından inkişafı göz qabağındadır. Azərbaycana da hər zaman dəstək nümayiş etdirir. Türkiyənin son dövrlərdə inkişafının bir səbəbkarı var - o da Prezident Rəcəb Tayyib Ərdoğandır. Ərdoğan Türkiyəyə lazımlı adamdır. Onun duruşu, sözü dünyada sayılır, seçilir. Bu səbəbdən indiki Türkiyəyə Ərdoğanın yenidən Prezident seçilməsi gərəkdir.



Elçin Nağıyev: Türkiyə istənilən sahədə inkişaf edir. İstər iqtisadi, istər sosial, istərsə də hərbi baxımından. Hərbi baxımından inkişaf lap yüksəkdir. Artıq Türkiyə öz silahlarını, pilotsuz uçuş aparatlarını dünyaya satır. 44 günlük müharibə vaxtı Türkiyə hərbi sənayesinin gücünü bütün dünya gördü. Bunların hamısı Ərdoğanın dövründə baş tutdu. Bu səbəbdən deyə bilərəm ki, Ərdoğan hakimiyyəti dövründə Türkiyə çox inkişaf etdi. İndiki zamanda mənim fikrimcə, Ərdoğanın seçkidə qalib gəlməsi lazımdır. Lakin seçimi Türkiyə vətəndaşları edir. Öz daxili vəziyyətə uyğun seçimləri edəcəklər. Ərdoğan böyük şəxsiyyət, dahi liderdir.

Gülağa Rəhimov: Türkiyə böyük dövlətdir. İstənilən sahədə inkişaf edir. Sözün əsl mənasında Türkiyə dünyada sözünü deyən ölkələrdəndir. Ərdoğan da bu dövlətə doğru liderlik edir. Keçiriləcək seçki ilə bağlı digər namizədlərin platformalarını izləyirik. Düşünürəm ki, layiqli namizəd məhz Ərdoğandır. Neçə illərdir ölkəyə rəhbərlik edir. Onun hakimiyyət dövründə Türkiyə inkişaf edib. 44 günlük Qarabağ savaşında bizim ən böyük dəstəkçimiz də Türkiyə və onun başçısı Ərdoğan olub. Bu səbəbdən onun yenidən seçkilərdə qalib gəlməsini istəyirəm.



Şəbnəm Rəhimova: Türkiyə güclü dövlətidir. İqtisadi baxımında inkişaf edir. Qardaşıq, onların güclü olması bizim üçün də yaxşıdır. Seçki prosesi baxımından onu deyə bilərəm ki, biz Ərdoğan yenidən Prezident seçilməsini arzulayırıq. Lakin Türkiyədə seçki elə prosesdir ki, seçimi öz vətəndaşları edəcək. Amma düşünürəm ki, onlar da bizim kimi, Ərdoğan güclü lider kimi tanıyırlar və yenidən ona güvənəcəklər.

Kifayət Sərdarova: Əslində, şanslıyıq ki, Türkiyə kimi güclü qardaş ölkəmiz var. Bütün çətinliklərdə bizim yanımızdadırlar. Bunu 44 günlük Vətən savaşında da bizə sübut etdilər. Millətlərinə, dövlətlərinə önəm verən xalqdır. Ən əsası, onları sevən, dəyər verən liderə malikdirlər. Ərdoğan güclü və sözünü deyən liderdir. Bu seçkilərdə qalib gələcəyinə inanıram və uğurlar arzu edirəm.



Sərdar Orxan: Türkiyənin qüdrət dövlət kimi, iqtisadi baxımdan güclü olmasının hazırda bir səbəbi var, o da Ərdoğandır. Bir türk olaraq Tayyib Ərdoğanın yenidən prezident olmasını istəyirəm. Ərdoğan güclü, qüdrətli liderdir. Müsəlmanların rəhbəridir. Onun terrorçulara, vətən xainlərinə qarşı mübarizəsi sözün əsl mənasında çox önəmlidir. Hər şey düzəlir, əsas odur, Vətən əldən getməsin.


Lalə Kazımova: Türkiyənin son 10 ildə güclənməsini hiss etmirəm. Sosial şəbəkələrdə, KİV-də Türkiyəni izləyirəm, vətəndaşlarının şikayətlərinə baxıram. Hamı narazıdır. Ərdoğana qarşı sərt fikirlər səsləndirilir. Mən onlarla çox razıyam, düşünürəm ki, Ərdoğana verilən vaxt bitməlidir. Türkiyəyə yeni nəfəs, yeni lider gəlmədir.



Əkbər Allahverdi: Türkiyənin siyasətini və iqtisadi vəziyyətini şəxsən bəyənirəm. Sözsüz ki, bunun səbəbkarlarından biri liderləridir. Düşünürəm ki, seçkilərdə Ərdoğan çox böyük fərqlə qalib gələcək. Buna layiqdir. O, bizim çətin günümüzdə yanımızda olub. Ərdoğanın siyasətini bəyənirəm və qalib gələcəyinə inanıram. Onun hakimiyyət illəri Türkiyə üçün uğurlu hesab olunmalıdır. Ümidvaram ki, bu seçkini udacaq.



Sayad Əlizadə: Türkiyə inkişaf etmiş ölkədir, lideri də sözünü deyəndir. Ərdoğan çox təcrübəli insandır. Mütləq yenidən seçkilərdə qalib gəlməlidir. Xalq da onu sevir. Bütün dövlətlərindən başçıları ilə münasibət qurmaq qabiliyyəti var. Türkiyə öz gücünə, sözünə və liderinə arxayındır. Bu səbəbdən Ərdoğana sevgimiz, dəstəyimiz var.



Məxfurə Binnətova: Türkiyə istənilən sahədə inkişaf edir. Bu bizim üçün də yaxşıdır. Biz qardaşıq, bu səbəbdən onların inkişafı bizi sevindirir. Bunu dövlət başçımız, cənab İlham Əliyev də dəfələrlə vurğulayıb. Bizim də, düşünürəm ki, Türkiyəni sevənlərin hər biri Rəcəb Tayyib Erdoğanın seçkidə qalib olmasını istəyir. O, çox güclü lider, xalqını, millətini sevən, qayğısına qalan şəxsiyyətdir.



Xaləddin Hüseynov:
 Türkiyə bizim üçün həm din, həm qardaşlıq baxımından dəyərlidir. Dünyada söz sahibidir. Hər zaman qardaş qardaşa arxalanır. Seçkidə də birmənalı olaraq Ərdoğan qalib gələcək. Ərdoğanın dünyada misli-bərabəri yoxdur. Mənəviyyatı, tərbiyəsi, insani keyfiyyətləri də öz yerində. O, bütün bəşəriyyətə öz humanistliyini, öz dəyərini göstərib.

16:59 - 7 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin