"Düşünmürəm ki, Hacı Şahin terrorun qurbanı olub" - Siyavuş Novruzov

Milli Məclisin ötən gün keçirilən iclası maraqlı açıqlamalarla yadda qalıb. Çıxış edən deputatlar Fazil Mustafaya qarşı sui-qəsd hadisəsini kəskin tənqid ediblər.

Deputat Siyavuş Novruzov çıxışı zamanı bildirib ki, lazım gələrsə, sərhəddə İrana qarşı da vuruşa bilərik: “Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Həmin şəxslər bu terror faktı ilə gözümüzü qorxutmaq istəsələr də səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Sərhəddə İrana qarşı da vuruşa bilərik. İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir”. 

Deputatın bu çıxışı sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub. Bir tərəf səsləndirilən fikirləri doğru hesab etsə də, digərləri bunu düzgün qiyməttləndirməyib. 

Siyavuş Novruzov müzakirələrə səbəb olan çıxışı ilə bağlı Modern.az-a açıqlama verib.  

O bildirib ki, son vaxtlar İran Azərbaycana qarşı sərt mövqedə çıxış edir: “Hesab edirik ki, Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi, hazırda Naxçıvanla sərhədə qoşunların yığılması və s. Azərbaycana qarşı təhdiddir. Hazırki dövrdə İran və Ermənistan arasında dostluq əlaqələrini görürük. Bu da bilavasitə Azərbaycana qarşı atılan addım və təhdiddir.

Biz cavab olaraq bildiririk ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Hazırda ölkədə iqtidar və xalq birliyi var. Bütün bunları nəzərə alaraq bildiririk ki, lazım gələrsə, Azərbaycan xalqı ərazi bütövlüyünü, müstəqilliyini qorumaq üçün istənilən dövlətə, o cümlədən İrana qarşı vuruşa bilər. Eyni zamanda İranın ölkədəki əlaltılarına da xəbərdarlıq edirik. Sizin qohum-əqrabalar hamısı bu dövlətin ərazisində yaşayır. Hansısa yollarla İranın təsiri altına düşmüsünüz, amma geri qayıtmaq da gec deyil. Öz dövlətinə xəyanat edə bilmərsən. Onların din pərdəsi də yalandır. Azərbaycana qarşı bu addımları atan ölkə ilə hansı din qardaşlığından danışmaq olar”.

Milli Məclisin iclasında digər qalmaqallı açıqlama isə Zahid Oruc tərəfindən səsləndirilib.  


 
“Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terorun silahı nə olursa-olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”, - deyə o bildirib.  

Siyavuş Novruzov deputat həmkarı Zahid Orucun bu çıxışını sərt hesab edib. 

“Bu bir az sərt fikirdir. Onunla bağlı həkimlərin verdiyi açıqlamalar var. Dəfələrlə bildirdilər ki, xəstəliyi ilə əlaqədar  bir neçə dəfə həkimə müraciət edib. Hacı Şahini mən də tanıyırdım, yaxşı insan idi. Amma mən düşünmürəm ki, din obyekti baxımından o, terrorun qurbanı olub. Sadəcə səhhətində olan problemə görə dünyasını dəyişib. Həkimlər də bildirdilər ki, onu xəstəxanada saxlamaq istəsələr də, razılaşmayıb”,- deyə deputat sözlərini yekunlaşdırıb.

14:59 - 5 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin