Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli partiyasının Vətəndaş Həmrəyliyi Partiyası ilə birləşəcəyi, bu barədə VHP-nin sədri Sabir Rüstəmxanlı ilə razılıq əldə edildiyi haqda yayılan məlumatlara aydınlıq gətirib.
Asayis.Az xəbər verir ki, T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ hazırda aktual deyil.
“Təxminən, 2000-ci illərin əvvələrində Vətəndaş Həmrəyliyi Partiyası ilə Vəhdət Partiyasının birləşməsi söhbəti olub. Komitələr, komissiyalar da yaranıb. Şəxsən mənim təşəbbüsüm olub ki, “Vəhdət” adı qalmaqla, Sabir Rüstəmxanlının sədrliyi ilə vahid bir partiyada birləşək. Amma çox sonralar bildim ki, içimizdə vəhdəti parçalayan qüvvələr buna qəsdən imkan verməyiblər. Onlar komissiyaların da üzvləri olublar. Bir neçəsi mənim müavinim idi. Alınmadı. Bu məsələ o zaman alınmadığına görə təəssüf edirəm. İndi daha böyük partiya ola bilərdik. Ancaq hazırda Vətəndaş Həmrəyliyi Partiyası ilə Vəhdət Partiyası arasında birləşmək barədə hər hansı söhbət, işarə olmayıb. Belə bir şey yoxdur. Əlbəttə, VHP-yə də, Sabir bəyə də böyük hörmətimiz var. Hələlik bu məsələ aktual deyil. Hər partiya özü müstəqil fəaliyyət göstərir”, - T.Kərimli bildirib.
Qeyd: Vəhdət Partiyasının VHP-yə birləşməsi ilə bağlı məlumatı “Qaynarinfo.az” saytı yayıb.