"Bu gün Azərbaycanın dövlətçilik varlığı, güclənməsi, müstəqil siyasət yürütməsi İranı vahiməyə salır. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan da İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənmir. İranın Azərbaycana qarşı düşmənçilik ritorikası hazırda da davam edir. Səfirliyimizə silahlı hücumdan sonra deputat Fazil Mustafaya qarşı terror aktının törədilməsi bütün izlərin İrana apardığını göstərdi".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra İranın ölkəmizə qarşı təhdidləri və fitnə-fəsadları həddini aşıb:
"İranın din xadimlərinin, ayrı-ayrı şəxslərinin ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və bu kimi hərəkətlər Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır. İran təcavüzkar Ermənistana qucaq açmaqla, əslində, özünün əsl simasını göstərdi. Dövlətimizin İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən Tehran, anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini nümayiş etdirir. Müstəqil Azərbaycanın inkişafından, mövqelərinin möhkəmlənməsindən narahatlıq hissi keçirən İran nəzarətində olan media vasitəsilə ölkəmizə qarşı çirkin, qara piar kampaniyası aparır. Lakin Azəbaycanın dövlət qurumlarının və cəmiyyətimizin kifayət qədər ayıq-sayıq olması ölkəmizə qarşı ünvanlanmış bütün təxribatların qarşısının vaxtında alınması ilə nəticələnir".
Deputat diqqətə çatdırıb ki, son aylar ölkəmizdə İranın casus şəbəkəsinə xidmət edən xeyli sayda şəxsin ələ keçirilməsi də onu deməyə əsas verir ki, molla rejimi Azərbaycanı parçalamaqda, onu bölməkdə tarixən olduğu kimi, indi də ən çox maraqlı olan qüvvələrdən biridir:
"Bu, sadəcə dövlətə, dövlətçiliyə, rejimə, onun mövcudluğuna qarşı yox, xalqa, millətə qarşı yönəlmiş düşmənçilik siyasətidir. Cənub qonşumuz bilməlidir ki, bu cür əməllərlə heç nəyə nail olmayacaqlar. Çünki Azərbaycan güclü, möhkəm, dövlət sisteminə, xalq həmrəyliyinə malik olan dövlətdir. Bu dövləti nə xarici, nə də daxili təzyiqlərlə zəiflətmək mümkün deyil".
Kamran Bayramov bildirib ki, Azərbaycanda sabitliyi pozmağa çalışan və qarşıdurma yaratmaq istəyən hər kəs öz layiqli cəzasını alacaq:
"Dövlt Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin son günlər həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində törədilən bir çox cinayətlər "isti izlər"lə açılıb. Bundan sonra da ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmaq istəyən bütün qüvvələrə qarşı ciddi addımlar atılacaq. Bu gün Azərbaycan tək deyil, onun yanında qardaş Türkiyə kimi güclü dövlət var. Azərbaycanın bir sıra xarici dövlətlərlə çox ciddi hərbi əlaqələri mövcuddur. Ona görə də cənub qonşumuz bir hərəkət edəndə sonunu da fikirləşməlidir. Çünki, qarşısında artıq 1990-cı illərin Azərbaycanı yoxdur".
Demokrat.az