Azərbaycanın müstəqil daxili və xarici siyasəti İranın xoşuna gəlmir. İranın həzm edə bilmədiyi digər məsələ Azərbaycanın Vətən müharibəsində zəfəridir.
Asayis.Az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, İran daim Azərbaycana qarşı bu cür münasibət göstərib.
“Ziya Bünyadovun qətlinin sifarişi də İrandan gəlmişdi. Belə hücumlar heç bir nəticə verməyəcək, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir, bu hücumları quranların elə özlərinin başında çatlayacaq”, - deyə Z.Əsgərov deyib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Fazil Mustafaya qarşı terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər.
Siyavuş Novruzov deyib ki, bu gün İran Naxçıvanla sərhədə qoşun yığıb: “Biz döyüşməyə hazırıq. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, güclü Azərbaycanın güclü rəhbəri var. İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar”.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. demokrat.az