Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə apellyasiya məhkəməsi yekunlaşıb.
Asayis.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bakı Hərbi Məhkəməsinin ötən il çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ötən il çıxarılan hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 12 il 6 ay və Sahib Ələkbərov 8 il müddətə azadlıqdan məhrum edilib. M.Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsinə dair Prezidentə təqdimat göndərilməsi qərara alınıb. Onun və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlaklarının bir qisminin üzərindən müsadirə qərarı götürülüb.
Xatırladaq ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu almaqda təqsirli bilinib.