“Nərimanov vətən uğrunda mübarizə aparan insanlardan biri idi…” - Siyavuş Novruzov

 “Nərimanov vətən uğrunda mübarizə aparan insanlardan biri idi…” - Siyavuş Novruzov

“Nəriman Nərimanov Azərbaycan tarixində xidmətləri olan insandır. O, həm dövlət xadimi, həm də bir azərbaycanlı kimi vətənpərvər insan idi. Eyni zamanda gözəl yazıçı, dramaturq kimi Nərimanovun elə əsərləri var ki, bu gün də Azərbaycan tamaşalarında səhnələşdirilir. Nərimanov həm həkim, həm də o çətin, ağır dövrdə vətən uğrunda mübarizə aparan insanlardan biri idi. Ona görə də Bakıdan, yaxud ümumiyyətlə ölkə üzrə Nərimanovun heykəlinin götürülməsi düzgün deyil. Nərimanov başqaları ilə müqayisə oluna, eyniləşdirilə bilməz. Baxmayaraq ki, vaxtilə Lenin verdiyi vədləri yerinə yetirmədi, amma bununla yanaşı Nərimanov maksimum dərəcədə çalışdı ki, öz Vətəninə, xalqına xidmət göstərsin. Nərimanovun oğluna yazdığı məktubunda da bu məsələlər hamısı açıq şəkildə göstərilib…”
Asayis.Az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov Bakının Nərimanov rayonunun adının dəyişdirilərək Heydər Əliyev rayonu adlandırılması təklifinə də münasibət bildirib: “Hesab etmirəm ki, belə bir rayon olsun. Çünki ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Çox böyük xidmətlər göstərib. O, müstəqil Azərbaycan Respublikasının qurucusu, yaradıcısıdır. Ona görə də Heydər Əliyevi rayon masştabında kiçiltmək olmaz. Təbii ki, Heydər Əliyevin adına hava limanı, prospekt var. Amma hesab edirəm, bunun özü də azdır. Gələcəkdə yeni şəhər salınacaqsa, məhz ümimmilli liderin adını daşıya bilər. Heydər Əliyevin Azərbaycan xalqı, milləti, dövləti qarşısında gördüyü işlər, Azərbaycanda siyasi sistemin formalaşmasında, iqtisadiyyatının əsasının qurulmasında, müstəqilliyinin əbədi olmasında xidmətləri əvəzsizdir”.

15:44 - 3 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin