“Millət vəkilinin silah gəzdirməsinə o qədər də ehtiyac görmürəm. Birincisi, insanı Allah qoruyanda qoruyur. Fazil Mustafa mənim dostumdur, yaxındır. Ona Allahdan şəfa diləyirəm, tez bir zamanda sağalsın, problemi olmasın, gəlib yenə bizə qoşulsun. Birlikdə Azərbaycanın müstəqilliyi, daha da inkişafı üçün əlimizdən gələni edək. Bu gün də onunla telefonda danışmışam. Biz silah gəzdirib, güllə atan deyilik ki… Yadıma gəlir, vaxtilə bir dəfə bizə silah vermişdilər. Axı təkcə bir millət vəkilindən yox, Azərbaycan əhalisindən söhbət gedir. Biz elə etməliyik ki, dövlətin təhlükəsizliyini təmin edək. Əsas məsələ budur. Belə təhdidlər var və ola bilər. Çünki bir neçə ayın hadisələri göz qabağındadır – İranda səfirliyimizə qarşı törədilən təxribat, Bakıda hipermarketdəki hadisə - Nizami küçəsində terrorçunun mənzildə tutulması... İndi də Fazil Mustafa ilə bağlı baş verən hadisə. Bütün bunlar onu göstərir ki, Azərbaycandakı sabitliyi, sakitliyi pozmaq istəyən qüvvələr var. Bu qüvvələr müəyyən yollarla çalışırlar ki, Azərbaycandakı sabitlik, inkişaf pozulsun, əhali narahat olsun. Əsas məsələ budur...”
Asayis.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat Fazil Mustafaya qarşı edilən sui-qəsdin mahiyyətini belə şərh edib: “Fikir verin, hansı vaxta təsadüf edib? Azərbaycan İsraildə səfirlik açır. Xarici işlər nazirimiz, millət vəkillərimiz də səfirliyin açılışında iştirak edirlər. Martın 28-də ən çox güvəndiyimiz Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramı idi. Onlar bu işdə çox fədakardırlar, gecə-gündüz çalışırlar ki, Azərbaycanın təhlükəsizliyini təmin etsinlər. Yəni Fazil Mustafanı güllələmək üçün elə bir vaxt seçiblər ki... Fazil Mustafa kifayət qədər tanınmış ictimai-siyasi xadimdir. Öz çıxışları ilə müəyyən dini məsələlərə toxunur. Bu da bəzi dövlətlərin xoşuna gəlmir. Öz fikrini açıq bildirir, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan bir insandır. Ona görə də elə adam seçiblər ki, tanınmış olsun və Azərbaycan əhalisini də bununla qorxutsunlar. Bu, mümkün olan şey deyil. Fazil Mustafa tək deyil, hamımız Fazil Mustafa ola bilərik, heç bir problem yoxdur. Azərbaycanın müstəqilliyi uğrunda ölməyə həmişə hazırıq. Amma Azərbaycanı təhdid edən, inkişafını gözü götürməyən, Türkiyə-Azərbaycan münasibətlərini qəbul etməyən dövlətlər bu hadisələrin arxasından çəkilməlidirlər. Başa düşməlidirlər ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, çox böyük səhv edirlər. Hadisəni törədənlər onsuz da tapılacaqlar. DTX və digər hüquq-mühafizə orqanları ciddi iş aparıb, onları tapacaq, həbs edəcəklər. Bilinəcək ki, kimlərdir. Azərbaycanla kim dost olmaq istəyirsə, qapılarımız açıqdır. Amma düşmənə qarşı bundan sonra mülayim olan deyilik. Bunu da baş düşməlidirlər. Azərbaycanın dövlət başçısı açıq siyasət aparır, qonşularla sıx əlaqələr qurmaq istəyir, iqtisadi, siyasi, ticarət, humanitar əlaqələrin hamısını yüksək səviyyədə həyata keçiririk. Bəs nəyə görə bizdə belə hadisələr baş verməlidir? Niyə? Tolerant dövlətik, bununla bağlı Azərbaycanda heç bir problem yoxdur. Sadəcə, Azərbaycanın inkişafını, dövlət başçısının həyata keçirdiyi siyasəti gözləri götürmür, çoxları qəbul etmir. İstəyirlər ki, yenə kiminsə qoltuğunda olaq, amma bu, mümkün deyil. Artıq Azərbaycan 31 ildir, müstəqil dövlətdir. Anlamalıdırlar. Onsuz da Azərbaycan stabil dövlətdir, bununla da bağlı problem yoxdur. Xırda məsələlər hamısı həllini tapacaq. Kim belə hadisələrə imkan versə, cəzasını mütləq alacaq. DTX-nin bu sahədə kifayət qədər təcrübəli əməkdaşları, əməliyyat müvəkilləri var”.
V.Əhmədov Fazil Mustafanın güllələnməsinin arxasında İran amilinin olduğunu düşənənlərə isə belə münasibət bildirib: “Mən də İran amilini nəzərdə tuturam. Açıq deyim, İran və Rusiya faktiki bir siyasət aparırlar. Bu, Rusiya da ola bilər. Azərbaycanda kifayət qədər Rusiyanın “beşinci kolon”unun adamları var. Amma Fazil Mustafa dinlə bağlı adamdır, dinlə əlaqəsi böyükdür. Bu sahəyə çox böyük diqqət yetirir, tənqidi fikirlərini söyləyirdi. Din məsələsində isə qonşulardan əsas diqqət çəkən İrandır. İnanıram ki, dövlət başçısı, hüquq-mühafizə orqanları Azərbaycandakı problemi həll edəcək, elə bir ciddi problem olmayacaq. Bütün insanlarımızın təhlükəsizliyini təmin etməliyik. Yenə deyirəm, 120 nəfərik, bilirəm ki, hamımız istənilən vaxt Azərbaycanın müstəqilliyi üçün ölümə getməyə hazırıq. Bunda heç bir problem yoxdur”.
Pravda.az