““Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda deputatın silah gəzdirməsi əksini tapıb. Ərizə yazıb, Daxili İşlər Nazirliyinə müraciət edərək hər bir deputat silah götürə bilər. Amma ərizə yazmırlar və götürmürlər. Çünki dövlət asayişi qoruyur. Mən silah gəzdirməklə guya hansısa sui-qəsdin, planlaşdırılmış terror aktının qarşısını ala bilərəm? Heç on-iyirmi cangüdənlə qarşısını ala bilmirlər. Dünyada baş verən terror hadisələrini bilirsiniz. Biz dövlətə arxayınıq, dövlət asayişimizi qoruyur. Ona görə də ehtiyac görməmişəm ki, ərizə yazıb, silah alım, yanımda gəzdirim. Başqa deputatlar da həmçinin. Fazil Mustafaya qarşı edilən sui-qəsd düşünülmüş terror aktıdır. Hüquq-mühafizə orqanları araşdıracaqlar ki, kim və ya kimlərdir, sifariş haradan gəlib, kimlər planlaşdırıb. İstintaq orqanları tapacaqlar. Deputatın silah gəzdirməsi elə bir vacib məsələ deyil. Yaxşı, deputat silah gəzdirdi, onda onun ailəsi də silah gəzdirəcək? Bəs dinc əhali? Adi adam, fəhlə, məmur – onlar da silah gəzdirəcəklər?”
Asayis.Az xəbər verir ki, bu sözləri müsahibəsində Milli Məclisin deputatı Aqil Abbas deyib.
O, “silah olsaydı, bəlkə, Fazil Mustafa avtomobilindən düşüb darvazadan içəri daxil olanadək terrorçunu zərərsizləşdirə, özünü qoruya bilərdi?” sualına isə belə cavab verib: “Bircə söz deyə bilərəm: Daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyev var idi. Özü də yaxşı ovçu, yaxşı gülləatan idi. O, həmişə tək gəzərdi, yanında heç vaxt cangüdən olmazdı. Bir dəfə soruşdum ki, Zahid müəllim, niyə sizin cangüdəniniz yoxdur? Dedi ki, Aqil müəllim, məsələ belədir: ağacın arxasında bir nəfər gizlənib, gözləyir, hər şeyi planlaşdırıb. O, mənə on dəfə atəş açana qədər mənim cangüdənim hələ heç silahını çıxara bilməz. Yəni güllənin haradan atıldığını bilmək olmur. Təbii, silahı olsaydı, tutaq ki, qorxutmaq üçün bir güllə də Fazil Mustafa ata bilərdi. Amma düşünülmüş terror aktının qarşısını heç kim silahla ala bilməz”. Pravda.az