Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Fransa hakimiyyətini kütləvi nümayişlərin azadlığını təmin etməyə çağırıb.
Asayis.Az xəbər verir ki, bu barədə D.Miyatoviçin yazılı bəyanatında deyilir.
"Martın 23-də Fransada keçirilən nümayişlər zamanı etirazçılara, o cümlədən hüquq-mühafizə qüvvələrinə qarşı zorakılığın tətbiq edilməsi halları baş verib. Lakin bu hallar dinc nümayişçilərin sərbəst toplaşmaq hüququndan məhrum edilməsi üçün əsas ola bilməz", - deyə bəyanatda bildirilir.
O, həmçinin “nümayişçilərin və təsadüfən aksiyaların keçirildiyi yerlərin yaxınlığından keçənlərin” əsassız saxlanmasından və həbsindən narahatlığını ifadə edib.
"Nümayiş haqqında məlumat verilməməsi sərbəst şəkildə nümayiş keçirmək hüququnun pozulmasına və bu cür hərəkətlərdə iştiraka görə sanksiyaların tətbiqinə haqq qazandıra bilməz", - deyə bəyanatda qeyd edilir.
Xatırladaq ki, Fransada pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar da müşahidə olunub.