“Əvvəlki nazir və ya icra başçısı ilə işləmək cinayətdir?! Həm yerli, həm də mərkəzi icra hakimiyyətlərində hər hansı dəyişiklik olanda ilk növbədə kadr islahatına başlanılır”.
Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hansısa qurumda uzun müddət işləyən, fəaliyyət göstərən, kifayət qədər təcrübəsi olan insanları vəzifəyə gələn kimi işdən çıxarırlar:
“Səbəb odur ki, həmin yerə yeni rəhbər gəlib. İşdən çıxan adam nə ölkəsinə xəyanət edib, nə rüşvətxorluqla məşğuldur. Əvvəlki nazir və ya icra başçısı ilə işləmək cinayətdir?! Həmin insan da Azərbaycanda işləyib. Hansısa oğurluq və ya cinayəti olub işdən çıxarılırsa bu, başqa məsələ. Bununla bağlı razıyam ki, hansısa ölçü götürülməlidir. İllərini bir işə sərf edən gözləyir ki, onu işində irəli çəkəcəklər, amma yeni gələn rəhbər onu işdən çıxarır. Kadrların qorunması işi vacibdir”. /Report