Martın 18-dən Azərbaycanda Novruz bayramı ilə bağlı 9 günlük tətil başlayır. Bu günlər ərzində regionlara səfər edərək istirahət etməyi planlaşdıran şəxslər kifayət qədər çoxdur.
Asayis.Az xəbər verir ki, Azərbaycanın regionlarında həm otel, həm də istirahət mərkəzləri baxımından qiymətlər müxtəlifdir.
Bəzi regionlarda qiymətlər vətəndaşlar üçün nisbətən ucuz olsa da, digər yerlərdə qiymətlər heç də ucuz deyil. Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurova müraciət etdik və regionlar üzrə qiymətlər barədə məlumat aldıq.
Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, Novruz tətilində həm xarici ölkələrdən olan tusristlər, həm də yerli vətəndaşların bölgələrə səfərləri artacaq: "Artıq indidən sifarişlərin olmasını görmək mümkündür. Mövcud vəziyyətdə tələbin yüksək olması qiymətlərə də təsir edir. Qiymətlər baha görünsə də regionlarda otellərdə yerlər demək olar ki, dolub.
Hazırda quru sərhədlər bağlı olsa da təyyarə ilə xaricə səfər edənlərə də rast gəlinir. Burada say kütləvi deyil, çünkü təyyarə biletlərinin qiyməti ucuz deyil. Sərhədlərimiz açıq olan vaxt insanlar öz şəxsi avtomobilləri vasitəsilə qonşu ölkələrə səfər edir və belə olanda səfər dəfələrlə ucuz başa gəlirdi. Bunlara baxmayaraq, xaricə səfər edənlər olsa da, böyük kütlə regionlarımızda dincəlməyə üstünlük verirlər".
Turizm mütəxəssisi əlavə etdi ki, Azərbaycanda iki nəfərlik paketlərin qiyməti rayonlar üzrə müxtəlifdir: "Xüsusən turizm zonaları və iri otellərin yerləşdiyi zonalarda yeməklər və xidmətlərdən asılı olaraq qiymətlər dəyişir. Amma ortalama götürsək regionlar və otellərə görə qiymətlər 200-800 AZN arasında dəyişir.
Ölkə üzrə nisbətdə ucuz paketlərin olduğu yerlər cənub istiqamətidir. Əvəllər yol infrastrukturuna görə rezervlər az olurdu. Lakin sonlər cənubdakı istirahət mərkəzləri də aktivləşib və qiymətlər digər yerlərlə müqayisədə daha rəqabətli hesab olunur.
Ölkə üzrə daha baha otel və istirahət mərkəzlərinin yerləşdiyi ərazilər paytaxtdan 2 saatlıq məsafədə yerləşən ərazilərdir. Bura Quba, Şabran, Şamaxı və Qəbələni misal göstərmək olar. Həmin bögələr turist baxımından çox tələbatlıdır və formalaşmış infrastruktura malikdirlər. Ona görə də insanlar bu ərazilərdə istirahət etməyə daha çox üstünlük verirlər. Qiymətlər də tələbatın yüksək olması səbəbindən nisbətən bahadır".