Bu gün Azərbaycan teatrının yaranmasından 150 il ötür. Bu illər ərzində teatr sənəti qədim və zəngin tarixi yol keçib.
Asayis.az xəbər verir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bununla da Azərbaycanda milli teatrın əsası qoyulub.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə sima yetişib.
Teatrın inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Mədəniyyət ocaqlarının yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.