DSX-dən Vasif Talıbovun Naxçıvanın 21 hektar ərazisini İrana satması iddialarına CAVAB

 DSX-dən Vasif Talıbovun Naxçıvanın 21 hektar ərazisini İrana satması iddialarına CAVAB

Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran İslam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xəttinin qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

Asayis.Az xəbər verir ki,bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən apa-ya bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 02 dekabr 1954-cü il tarixli “Sərhəd və maliyyə məsələləri üzrə Sazişə” və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli “Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqaviləyə əsasən müəyyən edilib:

“Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhəd xətti yuxarıda qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik baş verməyib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri - 2014-cü ilin 12 noyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandum”a və həmin Memorandumun tərkib hissəsi olan “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə yetirilməsi haqqında Təlimata əsasən həyata keçirilir.

Qeyd edilən Memorandum Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli №1154-IVQ nömrəli Qanunu ilə təsdiq edilib.

Araz çayının təbii səbəblərdən dəyişmiş su axınının çayın əsl yatağına qaytarılması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfin aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin çoxsaylı görüşləri keçirilib, bu görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu işlər davam etdirilir”.

Xatırladaq ki, yayılmış məlumatlarda sərhəd xəttinin qanunsuz dəyişdirilməsi nəticəsində 21 hektar torpağın İran İslam Respublikasının ərazilərinə daxil edildiyi iddia olunub. O da iddia edilib ki, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov 21 hektarlıq ərazini İrana satıb.

10:28 - 3 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin