Fransanın paytaxtı Parisdə Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Asayis.az report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Fransanın dövlət və ictimaiyyət nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların nümayəndələri, professorlar, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Leyla Abdullayeva Xocalı faciəsinin baş vermə səbəbləri haqqında ətraflı məlumat verərək, 31 il əvvəl erməni silahlılarının bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini, şəhər əhalisini amansız şəkildə qətl etdiklərini bildirib. Qeyd edib ki, bu qətliam zamanı Xocalı sakinləri olan yüzlərlə qoca, qadın, uşaq xüsusi amansızlıqla qətlə yetirilib.
Elman Abdullayev çıxışında bir sıra dövlətlərin parlamentlərinin Xocalı faciəsini rəsmi şəkildə soyqırım kimi tanıdığını diqqətə çatdırıb. Lakin o bildirib ki, Xocalıda törədilmiş ən ağır beynəlxalq cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi diqqət yetirilməyib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımının yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdə fransalı bəstəkar Pyer Tilloyun “Xocalı 613” musiqi pyesi, Qara Qarayevin, Fikrət Əmirovun və digər bəstəkarların əsərləri səsləndirilib.
Tədbir çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fotosərgi də təşkil edilib.