“Azərbaycana ermənilər tərəfindən dağıdılmış ərazilərin bərpası üçün illər tələb olunur”

 “Azərbaycana ermənilər tərəfindən dağıdılmış ərazilərin bərpası üçün illər tələb olunur”

Ukraynanın ən böyük telekanallarından biri olan TSN Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə dağıdılan məscidlər, mədəniyyət abidələri, həmçinin Ermənistan tərəfindən minlərlə hektar ərazidə minaların basdırılması barədə reportaj hazırlayıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, telekanalın jurnalisti Qarabağda gördüklərindən danışaraq, Rusiyanın hücumu nəticəsində bir ilə yaxındır müharibənin davam etdiyi Ukrayna ilə paralellər aparıb.

Bildirilib ki, 30 illik işğalın səbəb olduğu dağıntı və xarabalıqlar Azərbaycanın azad edilmiş ərazilərinə səfər edənləri şoka salır: “Qarabağın bir vaxtlar çiçəklənən ən böyük şəhəri olan Ağdama “Qafqazın Hirosiması” adı verilib. Bu illər ərzində Ermənistan Azərbaycan ərazilərini əlində saxlayıb və tədricən görməli yerləri, mədəni və tarixi abidələri dağıdıb. Bir zamanlar Qarabağda 70-ə yaxın məscid var idi, lakin onlardan yalnız 3-ü salamat qalıb. Erməni işğalçıları onları tövləyə çevirmişdi”.

Reportajda vaxtilə 30 minə yaxın əhalinin yaşadığı, 20 müxtəlif müəssisənin fəaliyyət göstərdiyi Ağdamın hansı şəhərə çevrildiyi göstərilib. Şəhərin keçmiş sakinlərindən biri telekanala bildirib ki, bir vaxtlar çiçəklənən, həyat dolu Ağdam şəhərində dram teatrı, abidələr və bütün yaşayış binaları dağıdılıb. Lakin o, hər şeyin əvvəlki halına qayıdacağına ümid etdiyini deyib.

Süjetin müəllifləri Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsindən, vaxtilə qovulmuş sakinlərin tədricən geri qayıdacaqları yeni kəndlərin salınmasından da bəhs ediblər.

Qeyd edilib ki, İkinci Qarabağ müharibəsinin mühüm nəticələrindən biri Azərbaycanın İranla bu illər ərzində nəzarətsiz və hər cür qeyri-qanuni trafikə açıq olan cənub sərhədlərinin tam bərpası idi.

Sonda ukraynalı jurnalist Qarabağda yaranan sülh və əmin-amanlığın tezliklə Ukraynada da bərqərar olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya təcavüzünə son qoyduqdan sonra Ukraynaya da Azərbaycan kimi, ərazilərinin bərpasına əziyyətli uzun illər lazım olacaq.

16:59 - 20 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin