“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan vətəndaşlarla bağlı hələlik yeni məlumat yoxdur”.
Asayis.Az xəbər verir ki, bunu oxu.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, bu gün zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyəsi gözlənilmir:
“Bu barədə dəqiq məlumat axşama doğru bilinəcək”.
A.Hacızadə əlavə edib ki, zəlzələdə ölən dörd nəfərin nəşi Azərbaycana gətirilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin son məlumatına görə, baş verən hadisə zamanı beş nəfər azərbaycanlı vəfat edib.
Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərarı alınıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 29 605 nəfər həyatını itirib.