Böyük Britaniya, Niderland və Almaniyanın Türkiyənin İstanbul şəhərində yerləşən konsulluqları təhlükəsizlik səbəbi ilə bağlanıb.
Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın İstanbul Baş Konsulluğunun instaqram hesabında verilən açıqlamada konsulluğun fevralın 1-də təhlükəsizlik səbəbilə qapalı olacağı, viza və pasport prosedurlarının ləğv edildiyi qeyd olunub.
Taksimdə yerləşən konsulluğun girişində, "Konsulluq bu gün bağlıdır. Bütün görüşlər ləğv edilib. Yeniliklərlə bağlı internet saytımızdan məlumat əldə edə bilərsiniz", - deyə məlumat yerləşdirilib.
Konsulluğun qarşısında da təhlükəsizlik tədbirləri görülüb.
Həmçinin Hollandiyanın İstanbul Baş Konsulluğu da açıqlama verərək təhlükəsizlik səbəbiylə müvəqqəti olaraq ziyarətçilərə bağlı olduqlarını bildirib:
"Hollandiyanın İstanbul Baş Konsulluğu ətrafında baş verə biləcək etirazlar və təhlükə ilə əlaqədar olaraq 30 yanvar 2023-cü il tarixindən etibarən müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olacaq", - deyə məlumatda qeyd olunub.