2023-cü il fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Asayis.az xəbər verir ki, bu barədə nazirliyin saytına məlumat yerləşdirilib.
Bildirilir ki, mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinə müraciət edilməlidir. Komitənin saytına isə məlumat yerləşdirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir.
Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.
Tanınmış texno-bloqer Fərid Pərdəşünas mövzu ilə bağlı bildirib ki, əgər xaricdən smartfon alıb, ölkəyə gətiririksə, artıq məcburi bunu bəyan etməli olacağıq:
"Əslində bu günə qədər də bu hal mütləq idi. Lakin yayınma halları çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Fevral ayının 15-dən, əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır), həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək.
Poçt göndərişləri limiti 300 dollardır. Lakin heç bir poçt daşıma şirkəti (yerli) smartfon gətirmir. Belə olan halda yalnız beynəlxalq daşıma şirkətləri bu prosesi həyata keçirə bilir. Bu halda isə onsuz da, gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmaycaq.
Əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır. Qanuna görə hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər. Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq.
Burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək. Düşünürəm ki, bu addım öz növbəsində smartfonların IMEI klonlama hallarını artıra bilər".