Abşeron rayonunda həyata keçirilən növbəti profilaktik tədbirlər zamanı yol polisinin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirən “Ford” markalı avtomobilin sürücüsü müəyyən edilərək saxlanılıb.
Asayiş.az verir ki, məhkəmənin qərarı ilə onun barəsində inzibati tənbeh tətbiq edilib.
Rayon ərazisində avtoxuliqanlıq edən “VAZ-2107” markalı avtomobilin sürücüsü də yol polisi tərəfindən saxlanılıb. Barəsində inzibati protokol tərtib olunan sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ məhkəmənin qərarı ilə bir il müddətinə məhdudlaşdırılıb.
Tədbirlər çərçivəsində gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan, eləcə də motosikletlərin konstruksiyasına dəyişiklik edərək əlavə işıq qurğuları quraşdıran 14 sürücü saxlanılıb və inzibati məsuliyyətə cəlb edilib.
Abşeron rayonunda yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə profilaktik tədbirlər davam etdirilir.
