MADO restoranının genişlənməsi ağacların taleyini sual altına qoyub- FOTO+VİDEO

 MADO restoranının genişlənməsi ağacların taleyini sual altına qoyub- FOTO+VİDEO

Bakıda yerləşən Atatürk parkında MADO restoranının əlavə zal tikintisi ilə bağlı işlər ərazidəki yaşıllıqların taleyi ilə bağlı narahatlıq yaradıb.

Məlumata görə, restoranın fəaliyyət göstərdiyi ərazidə əlavə zalın inşası nəzərdə tutulur. Artıq tikinti işləri ilə əlaqədar parkın müəyyən hissəsi hasarlanıb, ərazinin sərhəd hissəsində dağıntılar aparılıb.

Diqqət çəkən məqam isə tikinti aparılan sahənin ətrafında çoxsaylı ağacların mövcudluğudur. Əlavə tikilinin inşası üçün ərazinin genişləndirilməsi fonunda həmin ağacların taleyi ilə bağlı suallar yaranıb. Ağacların kəsilməsi və ya köçürülməsi ehtimalı sakinlər və ictimaiyyət üçün narahatlıq doğurur.

Hazırda ərazidəki yaşıllıqların tikinti işlərindən necə təsirlənəcəyi, ağacların qorunması üçün hansı tədbirlərin görüləcəyi barədə ictimaiyyətə açıqlama verilməyib.

Məsələ ilə bağlı bir sıra suallar açıq qalır: Restoranın əlavə zal tikintisi üçün hansı qurumdan icazə alınıb? Hasarlanan sahə parkın ərazisinə daxildirmi? Tikinti layihəsi mövcud yaşıllıqlara təsir edəcəkmi? Ərazidəki ağacların kəsilməsi nəzərdə tutulurmu?

Qeyd edək ki, şəhər parkları və yaşıllıq sahələri ictimai istifadəyə xidmət edən mühüm məkanlardır. Bu ərazilərdə hər hansı tikinti və yenidənqurma işlərinin aparılması zamanı ekoloji tələblərə və ictimai maraqlara riayət olunması xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı MADO rəhbərliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyi maraq doğurur. Aidiyyəti qurumların tikintinin qanuniliyi, ayrılmış ərazinin sərhədləri və ağacların qorunması ilə bağlı açıqlama verməsi gözlənilir.

 

https://vt.tiktok.com/ZSpb4G4gp/


20:33 - 15 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin