Pulun dəyərini qorumaq və inflyasiyadan yayınmaq üçün ənənəvi və geniş yayılmış üsullardan biri də qızıl almaqdır.
Asayis.Az xəbər verir ki, tarix boyu qızıl, həm bazar qeyri-sabitliyi dövründə, həm də inflyasiya şəraitində dəyərini qoruyub saxlayan sərmayə aləti kimi qəbul olunub.
Amma bu gün qızıl almaq həqiqətən də sərfəli qərardırmı? Onun qiyməti hansı amillərdən asılıdır və yığımları artırmaq üçün qızılın uzunmüddətli perspektivdə üstünlükləri varmı?
İqtisadçı Eldəniz Əmirov BAKU.WS-ə çıqlamasında bildirdi ki, pulun doğru idarə edilməsi insan bacarıqlarının ən vacib tərəfidir. Əldə olan vəsaiti daha doğru idarə etməklə onu daha da çoxaltmaq olar. Daha çox xərcləməklə isə varlanmaq fürsətini qaçırmış oluruq:
"Bu məsələ təbii olaraq orta məktəbdə öyrədilmir. Əslində ali məktəblərdə də bəzi ixtisaslar istisna olmaqla, bu sahədə tədris yoxdur. Amma insan üçün pulun doğru idarə edilməsinin öyrənilməsi son dərəcə vacib bir məsələdir.
Təbii ki, pulun düzgün idarə edilməsi həm də miqdarından daha çox asılıdır. Böyük və kiçik həcmdə olan pullar fərqli idarə olunmalıdır. Bütün hallarda ailələr öz vəsaitlərinin 50 faizini cari xərclərə, 30 faizini toy, əyləncə və bu tip xərclərə, 20 faizini isə ehtiyat üçün saxlamalıdır. Bu üç bölgü qızıl standart hesab olunur.
Əgər əldə əlavə 5-10 min manatlıq vəsait varsa, hazırkı vəziyyətdə kiçik bizneslər qurmaq olar. Bu da birbaşa həmin şəxsin bilik və bacarıqlarına və olduğu əraziyə görə nəticə verə bilər. Yəni olduğu yerdən ərazidən, insanın bacarıqlarından və həmin bu günə qədər olan fəaliyyətindən, məlumatlığından və digər faktorlardan asılıdır. Ən asan yolu isə depozit olaraq etibarlı banklara bu vəsaiti etibar etməkdir. Yəni əmanət olaraq banklara yatırmaqla mövcud inflyasiyadan həmin pulu qorumaq və müəyyən qədər gəlir də əldə etmək olar.
Digər tərəfdən 5-10 min manatlıq vəsaitin qızıla yatırılması var. Lakin hesab etmirəm ki, bu yolla gəlir əldə etmək mümkün olacaq. Çünki qızıl uzunmüddətli dövr ərzində və hər hansı bir zinət əşyası formasında deyil, digər kütlə formasında alınarsa və saxlanılarsa o, effektiv ola bilər. Amma bu gün təəssüf ki, yanlış olaraq müəyyən şəxslərdə belə bir yanaşma var ki, dar günü üçün qızıl alırlar. Əslində zinət əşyası formasında alınan qızıl satış zamanı kifayət qədər dəyər itirir. Yəni 5-10 min manatlıq əldə olan vəsaitin qızıla yatırılması doğru seçim deyildir".