Bərdədə 32 yaşlı kişi keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT

 Bərdədə 32 yaşlı kişi keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT

Bərdə rayonunda 1992-ci il təvəllüdlü Məhəmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Arzuya xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin fevralın 24də Bərdə rayonunun 866 saylı qəsəbəsində baş verib. Məhəmməd qəsəbədə 1 nömrəli binanın 4-cü blokunun 1-ci və 2-ci mərtəbələrinin orta hissəsində keçmiş arvadı Arzunun uşaqlarını ona göstərməməsi və onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla ona xəsarətlər yetirib. 

Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə Arzu ilə ailə həyatı qurub və həmin evlilikdən 2 övladı olub: “Biz Bərdə rayonunun Yeni qəsəbəsində yaşamışıq.  2022-ci ildə bizim münasibətlərimiz pozuldu və ayrıldıq. Ayrıldıqdan sonra Arzu öz atası evinə getdi. Arzu ayrılandan sonra Bərdə şəhərində Firuz adlı şəxsə məxsus geyim mağazasında satıcı kimi işlədi. Biz ayrılsaq da, mən uşaqlarıma görə barışmaq istədim. Mən Arzu ilə barışırdım. Arzu bir neçə dəfə evə gəlib-getdi. Biz arada uşaqları parka gəzməyə də apardıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 24 fevral 2023-cü ildə Arzu ona zəng vurub və uşaqlara paltar almaq üçün ondan pul istəyib: “Mən də nə qədər pul lazım olduğunu soruşdu. Arzu da 100 manat lazım olduğunu bildirdi. mən evdən çıxdım və Bərdə şəhərinə Arzunun iş yerinin qarşısına gəldim. Arzu ilə görüşüb birlikdə qəsəbəyə gəldik. Arzu mağazaya getdi. Mən də qardaşım Anarın qəssəbxanasına getdim. Orda bıçaqlarının ağzının kütləşməsin görərək 2 ədəd bıçağı köhnə sumkaya qoydum və evdə olan aparatlar ağzın itiləşdirmək üçün apardım. Arzu yaşadığım binanın qarşısından keçəndə yenidən onunla rastlaşdım. Arzuya uşaqları görmək istəyirəm, darıxmışam dedim. Arzu isə cavabında yox olmaz, sonra gəlib görərsən dedi. Arzu ilə birlikdə bloka girdim, inadla uşaqları görmək istədiyimi dedim. Həmin vaxt aramızda sözlü mübahisə oldu. Arzunun bəzəkli, makyajlı olduğunu gördüm. Ona bu barədə iradımı bildirdim. Arzu isə mənə ayrılmışıq, sənə aidiyyəti yoxdur deyə cavab verdim. Pilləkanları qalxanda Arzu mənə “vopşe səni uşaqlarla görüşdürmürəm, sən yaxşı kişi olsaydın arvadın, uşağın yanında olardın, dedi. Mən də Arzuya danışığına “sözlərinə sərhəd qoy, məni təhqir eləmə” dedim. Arzu mənə tərəf çöndü və “rədd ol çıx get, uşağı sənə vermirəm” ardınca isə mənə nalayiq ifadə işlətdi. Arzunun əlindən tutmaq istəyəndə sonuncu çönərək mənə şillə vurdu”. 

Məhəmmədin ifadəsinə görə, bundan sonra əsəbləşərək özü ilə götürdüyü bıçağın birini çıxarıb: “Arzu həmin vaxt əlimdə bıçağı görərək yuxarıdan təpiklə əlimə vurmaq istədim. Mən də əlimdə olan bıçağı sağa və sola doğru hərlədim. Həmin vaxt bıçağın Arzuya dəydiyini hiss etdim. Arzu müvazinətini itirərək arxaya doğru gələndə də əlimdəki bıçaq ona dəydi. Sonra Arzu yerə oturdu. Mən əlimdəki bıçağı ataraq ona köməklik etdim, yerdən qaldırmaq istədim. Etdiyim əməldən peşman olmuşam. Məqsədim Arzunu sadəcə bıçaqla xəsarət yetirərək cəzalandırmaq istəmişəm. Hadisədən sonra polis şöbəsinə gəldim. Könüllü olaraq təslim oldum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Arzunun sözlərinə görə, Məhəmməd onun iş yerinə gəlib və barışmaq təklif edib: “Mən də barışmaq istəmədiyimi dedim. Hadisə mənim Məhəmmədlə barışmamağımın üstündə olub. Mən işdən çıxanda Məhəmməd də mənimlə evə gəldi, uşaqları görmək istədiyini bildirdi. Mən əvvəl razılıq verdim, sonra isə fikrimdən daşındım. Bu səbəbdən Məhəmməd məni bıçaqla vurdu və xəsarət yetirdi. Birinci bıçaqdan sonra Məhəmmədin mənə neçə bıçaq zərbəsi vurduğunu xatırlamıram. Sonradan mənə məlum oldu ki, Məhəmməd ümumilikdə 5-6 bıçaq zərbəsi vurub”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhəmməd 3 il 2 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

15:43 - 1 Noyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin