Kişi arvadına və uşaqlarına qayğı göstərmədi, qadın etiraz edəndə isə...

 Kişi arvadına və uşaqlarına qayğı göstərmədi, qadın etiraz edəndə isə...

Abşeron rayonunda 1991-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rəqsanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 12-də baş verib. Sahib həmin gün saat 23 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Rəqsanə ona ailəsinə lazımi diqqət yetirmədiyinə görə şifahi irad bildirməsindən əsəbiləşib.

Bununla bağlı aralarında ailə münaqişəsi zəminində yaranmış narazılıq üstündə mübahisə edib. Həmin mübahisə əsnasında Rəqsanənin üzərinə hücum edib. Ayaq, əl və yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr vurub. 

Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Masallı rayonunun kəndində qeydiyyatda olmaqla, hazırda Abşeron rayonunda ailə üzvləri ilə birlikdə yaşayır: “2016-cı ildə Rəqsanə ilə ailə həyatı qurmuşam. Birgə nigahdan 2 övladımız var. Martın 12-də, saat 23 radələrində evdə olarkən arvadım Rəqsanə mənə və iki azyaşlı övladıma baxmamağı, qayğı göstərmədiyini sözlə irad bildirdi. Onun bu sözlər xoşuma gəlmədi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək təpiklə arvadımın sifətin nahiyəsinə vuraraq onu döydüm. Baş vermiş mübahisə 3-5 dəqiqə davam etdi”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sahibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

10:59 - 15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin