Hacıqabul rayonunda 1981-ci il təvəllüdlü Asif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Mahirə xəsarət yetirib.
Asayis.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 26-da Hacıqabul şəhəri mərkəzi bazarın yaxınlığında yerləşən parkda baş verib.
Asif Mahir ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncunu qəsdən döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Asifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Mahiri tanıyır, münasibətləri həmişə normal olub:
“Təxminən 1 il bundan əvvəl Mahirdən 500 manat faizə pul götürdüm. Buna görə də Mahirə hər ay 90 manat pul ödədim. Mən əsas məbləğdən Mahirə 100 manat ödəmişəm, 400 manat borcum qalıb”.
Asif qeyd edib ki, yanvarın 26-da, saat 18 radələrində Hacıqabul şəhəri “kolxoz bazarı” deyilən yerin yaxınlığında yerləşən parkda Mahir onu təhqir edib və ondan 400 manat borcu qaytarmasını tələb edib:
“Bundan əsəbləşərək Mahirin sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurdum. Həmin vaxt Zaur, Ramazan və Ziya adlı şəxslər hadisənin şahidi olublar. Sonradan etdiyim hərəkətdən peşman oldum. Onunla barışmışm”.
Bu cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Asif 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Demokrat.az