Prorektorun qətlini sifariş verən Müşfiq Atakişiyevdən xəbər var - ŞOK DETALLAR (VİDEO)

 Prorektorun qətlini sifariş verən Müşfiq Atakişiyevdən xəbər var - ŞOK DETALLAR (VİDEO)

"Təfəkkür" Universitetinin qətlə yetirilən prorektoru Tariyel Əhmədovun qətlini sifariş verən sabiq rektor Müşfiq Atakişiyev hökmdən appellyasiya şikayəti verib.

"Ajans"ın əldə etdiyi məlumata görə, bu gün keçirilən Apellyasiya Məhkəməsində ifadəsi dinlənilən Müşfiq Atakişiyev bildirib ki, mən Tariyel Əhmədovun öldürülməsini yox zədələnməsini və ya şikəst olmasını sifariş vermişdim:

"Mən demişdim ki, Tariyel Əhmədova elə xəsarət yetirin ki, o ölməsin zədələnsin və 2 ay işə çıxa bilməsin. Amma etiraf edirəm ki, sifarişi mən vermişəm. Bu sifarişin də məqsədi Tariyel Əhmədovu rektor seçkilərində zərərsizlşdirmək idi. Mən özüm rektor seçiləndən sonra onunla yenidən işləyəcəkdim. Sadəcə Tariyel Əhmədovun seçkidə varlığı mənim işimə mane olacaqdı. Çünki onun nüfuzu və əlaqələri mənə rektor seçilməyə mane olacaqdı. Mən də onu zərərsizləşdirib yenidən rektor olmaq istəyirdim". 

Qətlə yetirilən Tariyel Əhmədovun kürəkəni Babək Aslanov baş verənlərlə bağlı eksklüziv olaraq Ajans.az saytının baş redaktoru Tural Müseyibova açıqlama verib. O bildirib ki, Tariyel Əhmədovun zərərsizləşdirilməsi elə onun ölümünə sifariş deməkdir: " Müşfiq Atakişiyevin bu gün məhkəmədə danışdıqları absurddur və o cəzasının azaldılmasını istəyir. Bu isə haqsızlıq olar. Çünki o rəsmən bir insanın, ziyalının məhv edilməsinə göstəriş verib. Biz ümid edirik ki, Müşfiq Atakişiyevin cəzası azaldılmayacaq".

Xatırladaq ki,  “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslər ayrı-ayrılıqda tamah məqsədilə adam öldürməkdə təqsirli bilinib. Keçmiş rektor Müşfiq Atakişiyev, Samir Quliyev və Dəyanət Quliyev hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Qeyd edək ki, məhkəmə təxirə salınıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Eksklüziv video müsahibəni təqdim edirik:

 

16:24 - 9 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin